
Azərbaycan Tibb Universitetinin (ATU) Urologiya kafedrasında Beynəlxalq Kişilər Günü ilə əlaqədar tədbir keçirilib
Tədbiri kafedranın müdiri, professor Rauf Nağıyev açaraq bildirib ki, beynəlxalq kişi sağlamlığı günü 1999-cu ildən kişinin ailədə və cəmiyyətdə rolunu göstərmək, gender münasibətlərinə aydınlıq gətirmək və sağlamlığın təşviqi məqsədi ilə keçirilir. O, kafedranın bu sahədə müalicə, konservativ və cərrahi fəaliyyəti, eləcə də ölkədə operativ andrologiyanın inkişafındakı rolunu qeyd edib.
Professor bildirib ki, Azərbaycanda operativ andrologiya 2004-2005-ci illərdə akademik Sudeyf İmamverdiyevin rəhbərliyi ilə ilk dəfə ATU-nun Urologiya kafedrasında tətbiq olunub. Sonrakı illərdə professor İlham Əhmədovun fəaliyyəti nəticəsində andrologiya sahəsində geniş əməliyyatlar icra edilib və 3 dərslik, 7-8 monoqrafiya, həmçinin 80-dən çox elmi məqalə hazırlanıb.
Tədbirdə çıxış edən Rezidentura və Magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov tədbirin reproduktiv sağlamlıq, urologiya və andrologiya kimi tibbin ən aktual sahələrinə həsr olunduğunu qeyd edərək bütün əməkdaşlara, rezidentlərə və tələbələrə təşəkkürünü bildirib. O vurğulayıb ki, reproduktiv sistemdə yaranan qüsurlar həkimlərin fəaliyyətində əsas diqqət tələb edən məsələlərdəndir və hər bir həkim sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır.
Daha sonra professor İlham Əhmədov “Müasir andrologiyada aktual problemlər” mövzusunda çıxış edərək andrologiyanın kişi və qadın cinsi sağlamlığı, kişi sonsuzluğu və cinsi pozuntularla bağlı patoloji və müalicə məsələlərini əhatə etdiyini qeyd edib. O bildirib ki, 2024-cü ildə andrologiya dərsliyinin yenilənmiş versiyası çapa hazırlanıb və sahə üzrə əsas mövzular bu nəşrdə öz əksini tapıb. Professor, həmçinin məlumat verib ki, Azərbaycan Androloji Təbabət Assosiasiyası ayın 24-də müxtəlif ixtisaslardan mütəxəssislərin iştirakı ilə geniş toplantı keçirəcək və bütün iştirakçılar həmin tədbirə qoşula bilər.
Tədbirdə universitetin əməkdaşları, həkimlər, rezidentlər və tələbələr iştirak edib.