
Azərbaycan Tibb Universitetində (ATU) tələbələrin Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüşü keçirilib
Universitetin Tədris işləri üzrə prorektoru, professor Anar Ağayev çıxış edərək, görüşün əsas məqsədinin Təhsil Tələbə Kredit Fondu və ATU arasında daha sıx əməkdaşlıq imkanlarını nəzərdən keçirmək, tələbələr arasında məlumatlandırmanı artırmaq və təhsil kreditləri ilə bağlı suallara cavab vermək olduğunu bildirib.
Tələbə Təhsil Kredit Fondunun İdarə Heyətinin sədr müavini Rüfət Tağızadə isə çıxışında Fondun əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyevin 2021-ci il 17 iyun tarixli fərmanı ilə yaradıldığını qeyd edib. O, Fondun fəaliyyət prinsipləri, təhsil kreditlərinin verilməsi qaydaları və tələbələr üçün mövcud imkanlar barədə ətraflı məlumat verib.
Daha sonra Təhsil Kredit Fondunun Müəssisələrlə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova isə Fondun tələbələr üçün təşkil etdiyi proqramlar, müraciət şərtləri və təhsil kreditlərinin verilmə prosesi haqqında ətraflı məlumat təqdim edib, iştirakçıların suallarını cavablandırıb.
Görüşün sonunda tələbələr Fondun imkanları ilə tanış olub, təhsil krediti almaq üçün müraciət prosesini öyrənib və gələcəkdə təhsil kreditindən istifadə imkanlarını nəzərdən keçiriblər.