Hamiləliyini sonlandırmaq məqsədi ilə gələn ümidsiz ana körpəsini sağ-salamat qucağına aldı. Uşaq ana bətnində olarkən böyrək əməliyyatından keçdi, dünyaya gəldikdən sonra isə sidik kisəsindən əməliyyat olunaraq xilas edildi. 14 oktyabr 2015-ci il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinə 26 həftəlik hamiləliyi sonlandırmaq məqsədi ilə ümidsiz halda hamilə qadın daxil olmuşdur. Belə ki, daha əvvəl ultrasəs müayinələrindən dölün sol böyrəyindən inkişaf edən iri ölçülü kista aşkar edilmişdir. Bu kista, getdikcə böyüyərək bütün qarın boşluğunu tamamilə tutmuşdur.
Azərbaycan Tibb Universitetin Tədris Cərrahiyyə Klinikasının Mama-Ginekologiya şöbəsinə müraciət edən hamilə xanım şöbə müdiri Uzm.Turab Canbaxışov tərəfindən müayinə edildi və sözlərinə görə: “Pasientimiz klinikamıza müraciət olunan zaman ultrasəs müayinəsində döldə sol böyrək kıstasının ölçüsü 88,7 mm-ə çatmışdı. Belə ki, dölün öz bədən uzunluğu 221 mm idi. Dölün sol böyrək kıstası həm qarın boşluğundakı orqanları həm də döş qəfəsindəki ağciyər və ürəyi sıxışdıraraq, ürək fəaliyyətini zəiflətmişdi. Ultrasəs müayinəsində dölün ana bətnində ürək çatışmazlıqdan dərialtı ödem izlənilirdi və ağ ciyərlərin, ürəyin ətrafında maye yığılmağa başlamışdı. Təcili müdaxilə etməsəydik, uşaq tələf ola bilərdi. Bu səbəbdən, dölün sol böyrək kıstasına təcili müdaxilə edərək, tək bir seansla təxminən 235 ml sidik (maye) çəkildi. Kistanın ölçüsü 90 mm-dən 21,8 mm-ə qədər kiçilmişdi və artıq dölün həyatı üçün təhlükə törətmirdi. Ürək, ağciyərlər və qarın boşluğundakı orqanların fəaliyyətləri bərpa olmuşdu. Hamilə xanım hər iki həftədən bir müayinələrə gələrək kistanın ölçüsü qeyd olunurdu və kistanın həcmi böyümədiyi üçün müdaxiləyə ehtiyac olmadı.”
Hamiləliyin 40-cı həftəsində mama-ginekologiya kafedrasının Dosenti Şölə İsmayılova tərəfindən anaya keysəriyyə əməliyyatı aparıldı və döl sağlam şəkildə dünyaya gəldi. Əməliyyat fəsadsız keçdi, lakin sol böyrək kistası hələ döl 26 həftəsindəykən çox böyük ölçülərə çatdığı üçün göbək dəliyinin tam sağalmamasına səbəb olmuşdu. Ana bətnində müdaxilə edilməsinə baxmayaraq, sidik kisəsi ilə göbək dəliyinin arasında olan axacaq tam qapanmamışdı. Nəticədə uşaq müştərək qüsurla - perforasiya olunmuş embrional göbək dəliğiylə və sidik kisəsi ilə göbək dəliyi arası fistulası ilə doğulmuşdu. Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın sözlərinə görə, belə uşaqlarda infeksiyalaşma riski çox yüksəkdir. Bu riski nəzərə alaraq, uşaq cərrahiyyəsi şöbəsinin müdiri Tibb üzrə fəlsəfə Doktoru Ramiz Poluxovla konsilium aparılaraq təcili əməliyyata qərar verildi. Uşaq neonatoloji reanimasiyada əməliyyata hazırlandı və əməliyyata götürüldü. Əməliyyatda həm embrional yırtıq ləğv olundu, həm də sidik kisəsi ilə göbək dəliyi arasında olan həddindən artıq geniş fistula ayrılaraq tikildi. Əməliyyat uğurla başa çatdı. Əməliyyatda iştirak edən böyük briqadanın operativliyi və profesionallığı nəticəsində bütün risklərin qarşısı alındı və hər bir lazımi neonatoji tədbirlər görüldü. Hal-hazirda körpənin vəziyyəti yaxşıdı, həkim neonatoloqların nəzarəti altındadır və evə buraxılması üçün hazırlıqlar görülür.