Amerikalı mütəxəssis bir sıra mövzularda mühazirələrlə çıxış edib
26-27 Yanvar 2016-cı il tarixlərində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Amerika Avstriya Fondunun Reabilitasiya üzrə Zaltsburq seminarlarının növbəti satellit simpoziumu keçirilib.
ABŞ-ın Kolumbiya Universitetinin əməkdaşı, İdman və reabilitasiya üzrə mütəxəssis Dr. Maykl Seyn “Bel ağrıları”, “Çiyində ağrı”, “Bel ağrılarında steroid inyeksiyaları”, “Lumbar faset oynaqların artropatiyasında invaziv müalicə üsulları” mövzularında mühazirələrlə geniş auditoriya qarşısında çıxış edib.
ATU-nun Beynəlxalq əlaqələr ofisinin təşkilatçılığı ilə gerçəkləşdirilən və 2 gün davam edən seminarda ATU-nun Fizioterapiya və İdman təbabəti kafedrasının, Tədris Cərrahiyyə Klinikasının Reabilitasiya şöbəsinin, Bakı şəhərində yerləşən müxtəlif klinikaların əməkdaşları və rezidentləri iştirak ediblər.
Seminarın birinci günü ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, AMEA-nın müxbir üzvü, Prof Nuru Bayramov dr. Maykl Seynlə görüşüb, onu klinika ilə tanış edib. N.Bayramov bu mövzuda seminarın təşkil olunmasını təqdirəlayıq bir hadisə kimi qiymətləndirib.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dos Rəhimə Qabulova AAF Saltsburq seminarları haqda məlumat verərək, gənc həkimləri bu seminarlarda aktiv iştirak etməyə çağırıb. Dr Seyni auditoriyaya təqdim edən prorektor, hazırki simpoziumun ATU-da keçirilən sayca üçüncü tədbir olduğunu xatırladıb.
Seminarda ATU-nun Fizioterapiya və İdman təbabəti kafedrasının müdiri, prof Əlişir Musayev, Neyrocərrahiyyə kafedrasının müdiri prof Sabir Etibarlı, Travmatologiya şöbəsinin müdiri, uzman Dr Cəfər Nəsirli, Reanimatoloq-alqoloq Dr Vüqar Əbdülkərimov, rezident Dr Müjgan Onk çıxış ediblər. Mühazirələr və çıxışlar ətrafında geniş diskussiyalar aparılıb.
Tədbirin sonunda prorektor R.Qabulova auditoriya adından Dr M.Seynə Bakıya səfər etdiyi üçün təşəkkürünü bildirib, ona xatirə hədiyyələrini təqdim edib. O, həmçinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dos Nadir Zeynalova, ATU-nun TCK-nın Rebilitasiya şöbəsinin müdiri Nurlana Əliyevaya, rezident həkimlər Mujgan Onk və Aytən Musayevaya simpoziumun təşkilində aktiv iştiraklarına görə xüsusi təşəkkür edib.