
Azərbaycan Tibb Universitetində 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransı ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov açıb. QİÇS mövzusunun aktuallığına toxunan prorektor, belə bir konfransın keçirilməsinin iştirakçılar üçün əhəmiyyətli olacağını bildirib. Konfransda QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov “Azərbaycanda İİV epidemiyası ilə bağlı mövcud vəziyyət və həyata keçirilən tədbirlər” mövzusunda çıxış edib. Bildirib ki, dünyada 40 milyondan çox insanın İİV infeksiyasına yoluxub və indiyədək onun rəhbərlik etdiyi mərkəzdə 13 min 256 nəfər qeydiyyata alınıb və onlardan 12 min 456 nəfəri Azərbaycan vətəndaşıdır: “Bu günədək xəstəlikdən dünyasını dəyişənlərin sayı 1540 nəfər, hazırda ölkəmizdə İİV infeksiyası ilə yaşayanların sayı 11 min 413 nəfərdir. Onların 70 faizini kişilər, 30 faizini isə qadınlar təşkil edir. Yoluxanların 76.5 faizini 25-49 yaş qrupunda, 1.7 faizini 17 yaşadək yaş qrupunda, 27.2 faizini isə QİÇS mərhələsində olanlar təşkil edir”.
Yoluxma yolları və təhlillərdən söhbət açan mərkəzin direktoru, regionlarda fəaliyyət göstərən laboratoriyalardan, təşkil olunmuş maarifləndirici tədbirlərdən və s. söhbət açıb. Keçirilən tədbirlərin 50 faizdən çoxunun orta məktəbin yuxarı sinf şagirdlərinin payına düşdüyünü bildirib. Yoluxma yollarının qarşısının alınması üçün aparılan lazımi tədbirlərin həyata keçirildiyinə diqqət çəkən Famil Məmmədov bu tipli tədbilərin tələbələr üçün də keçirilməsinin vacibliyini vurğulayıb. QİÇS-lə mübarizədə dövlətin daim qayğısı ilə əhatə olunduqlarını, bu günü yad etmək və cəmiyyətin diqqətini çəkmək üçün müxtəlif vasitələrdən istifadə etdiklərini, bu günü andıracaq şüarla Alov qüllələri və Qız Qalasının gecə qırmızı fonla nümayiş etdiriləcəyini bildirib.
ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova “İİV/QİÇS-lə mübarizədə yeni yanaşmalar” mövzusunda çıxış edib. Məruzəçi xəstəliyə yoluxmanın yolları, mübarizədə yeni yanaşmalar, xəstələrə təyin edilən dərman preparatları və bu preparatların effektivliyi və s. barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Vüqar Cavadzadə məruzsəsini “ İİV infeksiyası: klinik xüsusiyyətləri, diaqnoz və müasir müalicə profilaktika prinsipləri” mövzusunda edib.
Məruzəçi infeksiyanın klinik xüsusiyyətləri, müayinəsi ilə yanaşı, həkimlərin İİV infeksiyalı xəstələri qəbul edərkən onları necə müəyyən etməyin yollarından da söhbət açıb.
ATU-nun Epidemiologiya və biostatistika kafedrasının magistri Xədicə Səfərli isə “İİV/QİÇS-lə mübarizədə profilaktik tədbirlər-Təmasdan öncə profilaktika, təmasdan sonra profilaktika” mövzusunda çıxış edib. Toxunduğu mövzu barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.