
09–12 aprel 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “3-cü Nörogenetika və Nörometabolik Xəstəliklər Konqresi”ndə Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti iştirak edib.
Universiteti tədbirdə Nevrologiya kafedrasının müdiri, professor A.K. Məmmədbəyli, eləcə də doktorantlar İlaha Hacıyeva və Günel Ümid təmsil ediblər. Beynəlxalq konqres dünyanın müxtəlif ölkələrindən aparıcı mütəxəssisləri, alimləri və tədqiqatçıları bir araya gətirərək, nörogenetika və nörometabolik xəstəliklər sahəsində son elmi yeniliklərin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.
Konqres çərçivəsində təşkil olunan dəyirmi masa müzakirələrində Azərbaycanda nadir (orfan) xəstəliklərin mövcud vəziyyəti geniş şəkildə təhlil edilib. İştirakçılar diaqnostika və müalicə imkanlarının təkmilləşdirilməsi, reabilitasiya xidmətlərinin inkişafı, həmçinin xəstəliklərin erkən aşkarlanması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, SMA (spinal əzələ atrofiyası) və Düşen əzələ distrofiyası üzrə milli reyestrlərin yaradılması və inkişaf perspektivləri də müzakirə mövzusu olub.
Səfər çərçivəsində İstanbul Universiteti Tibb Fakültəsinin Nevrologiya kafedrasının professoru Həcər Durmuş Tekçe ilə də görüş keçirilib. Görüş zamanı tərəflər arasında elmi əlaqələrin genişləndirilməsi, xüsusilə nadir xəstəliklərdə genetik polimorfizmin öyrənilməsi sahəsində birgə tədqiqatların aparılması imkanları müzakirə olunub. Bu əməkdaşlığın gələcəkdə ortaq elmi layihələrin həyata keçirilməsinə və beynəlxalq səviyyədə bilik mübadiləsinin gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin beynəlxalq elmi tədbirlərdə fəal iştirakı universitetin qlobal elmi mühitə inteqrasiyasını gücləndirməklə yanaşı, yerli səhiyyə sistemində müasir yanaşmaların tətbiqinə də mühüm töhfə verir.