
Azərbaycan Tibb Universitetində Qazi Universiteti klinikasının baş həkim müavini, professor İlyas Okur və Leyla Medical Center-in uşaq metabolik xəstəlikləri üzrə mütəxəssisi, doktor Ləman Əlirzayeva ilə görüş keçirilmişdir.
Görüş zamanı Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Qazi Universiteti ilə uzun illərə dayanan əməkdaşlıq barədə bəhs edərək, bu əməkdaşlığın universitetin yüksəkixtisaslı tibb mütəxəssislərinin hazırlanmasında mühüm rol oynadığını və Azərbaycan Tibb Universitetinin elmi-tədqiqat fəaliyyəti ilə beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini qeyd edib.
Professor İlyas Okur çıxışında Qazi Universitetinin beynəlxalq tərəfdaşlığa xüsusi diqqət yetirdiyini bildirərək, Azərbaycan Tibb Universiteti ilə mövcud əlaqələrin səmərəli inkişaf etdiyini və bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün mühüm potensialın olduğunu qeyd etmişdir.
İkitərəfli görüş çərçivəsində tərəflər arasında uşaqlarda metabolik xəstəliklər sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, müasir diaqnostika və müalicə yanaşmalarının paylaşılması, eləcə də bu istiqamətdə tibb mütəxəssislərinin hazırlanmasının gücləndirilməsi məsələləri müzakirə olunmuşdur. Bununla yanaşı, tərəflər müvafiq sahə üzrə ixtisaslaşmış yeni mərkəzin yaradılması, onun fəaliyyət istiqamətləri və gələcək inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparmışlar.
Görüşün yekununda tərəflər institusional əməkdaşlığın gücləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi barədə ortaq qərara gəliblər.
Görüşdə Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan və Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev iştirak ediblər.