Tədris Cərrahiyyə Klinikasının kardiocərrahı Azərbaycanda ilk dəfə koronar anomaliya (ALCAPA) əməliyyatını icra edib.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da əhali arasında ürək-damar xəstəlikləri geniş yayılıb. Tibb sahəsi inkişaf etdikcə, peşəkar həkimlərimizin də sayı artır və onlar vaxtında bu cür xəstələrə kömək edirlər.
Lakin bu günlərdə Azərbaycan Tibb Universitetində (ATU) icra olunan ürək əməliyyatını sözün əsl mənasından nadir adlandırmaq olar. Çünki koronar arteriya anomaliyası xəstəliyinə nadir hallarda rast gəlinir.
ATU-nun Tədris Cərrahiyyə Klinikasinin kardiocərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev deyir ki, 10 milyon nəfər əhalisi olan Azərbaycanda çox az sayda belə xəstəyə rast gəlinə bilər.
Seymur Musayevin sözlərinə görə, xəstə Gəncə şəhərinin 36 yaşlı sakinidir:
“Bu xanım bizə müraciət edəndə, artıq ona diaqnoz qoyulmuşdu.
Bu xəstəliyə yüz minlərlə doğuşdan birində rast gəlinir. Önəmli məqamlardan biri odur ki, belə xəstələrin əksəriyyəti erkən yaşlarda həyatını itirirlər, çox az qismi təxminən 2-3 %-i 30 yaşına kimi yaşayır. 10 milyon nəfərlik əhalisi olan Azərbaycan üçün yəqin, 1-2 nəfər belə xəstə ola bilər. 30 yaşdan yuxarı isə yalnız 1 belə xəstə tapa bilərsən”.
Kardiocərrah bildirir ki, Klinikaya müraciət edən xəstə artıq 36 yaşında olub. Onun əməliyyat olunması qərarı verilib:
“Həm ürək qapağının işini təmin etdik, həm də anomaliya olan hissəni rekonstruksiya etdik. Əməliyyat mənim icramla doktor Mirəli Məcidovun iştirakı ilə keçirildi və 3 saat davam etdi”.
S.Musayev bildirir ki, artıq bundan sonra xəstənin həyatına hər hansı bir risk yoxdur. 3-4 gün xəstəxanada yatdıqdan sonra xanım evə yazılacaq və həyatını əvvəlki qaydada davam etdirə biləcək.