

24–27 noyabr 2025-ci il tarixlərində Antalyada keçirilən KBUD 2025 — Klinik Biyokimya & LAB Expo konqresində Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları və ölkəmizin klinik laboratoriya mütəxəssisləri geniş tərkibdə iştirak edərək yüksək nəticələr əldə ediblər.
Konqresin proqramına toksikologiya, endokrinologiya, molekulyar diaqnostika, yeni biomarkerlər, laboratoriya proseslərinin optimizasiyası, transfuzion tibb və analiz metodologiyaları kimi mövzular daxil olub.
ATU-nun Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti, AZKLMİB İdarə Heyətinin sədri Ramin Bayramlı konqresin açılış məruzəsini təqdim edib və “Dializ və laboratoriya: Klinik izləmədə hansı parametr nə zaman əhəmiyyətlidir?” panelinə sədrlik edib. Kafedranın baş müəllimi, AZKLMİB İH üzvü t.ü.f.d. Yaver Hacısoy isə “Funksional Qidalar və Metabolik Sağlamlıq” mövzusunda keçirilən elmi panelin moderatoru olub.
Konqresdə 60-dan çox azərbaycanlı gənc həkim-mütəxəssis, o cümlədən ATU-nun rezident və məzunları iştirak edib. Onların bir çoxunun şifahi məruzələri və poster təqdimatları elmi proqramda yer alıb.
KBUD 2025 Azərbaycan klinik laboratoriya elminin beynəlxalq platformada tanıdılması, gənc mütəxəssislərin bilik və təcrübə mübadiləsi aparması, yeni əməkdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyıb.
