

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyədən olan ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirib
ATU-nun qonaqları arasında Yüksək İxtisas Universitetinin rektoru Prof. Dr. Kadirhan Sunguroğlu, Fırat Universitetinin rektor müşaviri Prof. Dr. Mehmet Yılmaz və Radio Televiziya Üst Kurulunun eksperti Vedat Kent yer alıb.
Görüş zamanı professor Gəray Gəraybəyli universitetin tarixi, tədris proqramları, son illərdə həyata keçirilən islahatlar və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Rektor bildirib ki, hazırda ATU-da 2500-dən çox əcnəbi tələbə təhsil alır və bu çərçivədə bu günlərdə universitetdə 23 ölkənin iştirakı ilə Mədəniyyətlərarası Tələbə Festivalı təşkil olunub.
Tədbirdə ATU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru İlqar Mehrabov da çıxış edərək universitetin infrastruktur imkanları və kampus şəraiti barədə məlumat verib.
Qonaqlar ATU-da yaradılan tədris və elmi mühitdən məmnunluq ifadə edib, universitetin yerli və beynəlxalq uğurlarını yüksək qiymətləndiriblər. Görüş çərçivəsində gələcək əməkdaşlıq perspektivləri, birgə layihələr və müəllim–tələbə mübadiləsi imkanları müzakirə olunub.
