Bizi izləyin:
Heydər Əliyev
ATU əməkdaşları Özbəkistan həmkarları ilə təcrübə paylaşıblar

ATU əməkdaşları Özbəkistan həmkarları ilə təcrübə paylaşıblar

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri t.e.d., dosent Yaqut Hacıyeva, dosent Fərəh Baxışlı və digər əməkdaşlar “Davamlı ekoloji mühit – millətin sağlamlığının vacib tərkib hissəsi” adlı elmi işlə beynəlxalq tədbirdə iştirak ediblər. “Yenilənmiş Konstitusiya – davamlı ekoloji inkişafın və demokratik hüquqi tərəqqinin əsası” mövzusunda təşkil olunan elmi-praktik konfrans 3 dekabr 2025-ci il tarixində Özbəkistan Respublikası İctimai Təhlükəsizlik Universitetində hibrid formatda (onlayn və oflayn) keçirilib.

Konfransda ATU-nun məruzəsini dosent Fərəh Baxışlı onlayn olaraq təqdim edib.

Məruzədə ekoloji davamlılığın müasir dövrdə qlobal diqqət mərkəzində olan əsas problemlərdən biri olduğu vurğulanıb. Bildirilib ki, davamlı ekoloji mühit insanların fiziki, psixoloji və sosial rifahının təmin edilməsində mühüm rol oynayır. Son illər ürək-damar, tənəffüs, onkoloji xəstəliklər, bağırsaq infeksiyaları və digər xəstəliklərin artması əmək qabiliyyətinin azalmasına, əlillik səviyyəsinin yüksəlməsinə və orta ömür müddətinin qısalmasına səbəb olur ki, bu da dövlətlər üçün ciddi iqtisadi itkilər yaradır.

Qeyd olunub ki, Azərbaycan Respublikasında davamlı ekoloji mühitin formalaşdırılmasının hüquqi bazisi ümummilli lider Heydər Əliyev tərəfindən yaradılıb. 12 noyabr 1995-ci ildə qəbul edilən Konstitusiyada ilk dəfə olaraq “hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ” təsbit edilib.

Dosent Fərəh Baxışlı həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin ekologiya məsələlərinə göstərdiyi xüsusi diqqəti vurğulayaraq bildirib ki, ölkədə ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Prezident İlham Əliyev dəfələrlə qlobal ekoloji problemlərin və iqlim dəyişikliklərinin bəşəriyyət üçün yaratdığı ciddi təhlükələrə diqqət çəkib.

Konfransda ekologiya məsələlərinin hökumətlərin gündəmində prioritet istiqamət kimi qalmasının əhəmiyyəti xüsusi qeyd edilib.

Paylaş

Dostlarınız ilə paylaşın.