Bizi izləyin:
Heydər Əliyev
ATU komandası Səmərqənd olimpiadasında zirvəyə yüksəldi

ATU komandası Səmərqənd olimpiadasında zirvəyə yüksəldi

5–6 dekabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində Səmərqənd Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə tibb universitetləri arasında “Səmərqənd–2020” adlı VI Beynəlxalq Olimpiada keçirilib. Olimpiadanın əsas məqsədi tibbin müxtəlif sahələri və fundamental elmlər üzrə biliklərin təşviqi, tələbələrin elmi fəaliyyətə marağının artırılması və onların yaradıcı potensialının üzə çıxarılması olub.

Genişmiqyaslı beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Almaniya, Qazaxıstan, Qırğızıstan, Çin, Cənubi Koreya, Rusiya, Belarus, Tacikistan və digər ölkələr daxil olmaqla 30 ölkədən 60 ali tibb təhsil müəssisəsini təmsil edən 600-ə yaxın tələbə iştirak edib. Olimpiada çərçivəsində 41 fənn üzrə bilik yarışları keçirilmiş, həmçinin elmi və startap layihələri təqdim olunub.

Azərbaycan Tibb Universiteti (ATU) olimpiadada 9 tələbə ilə təmsil olunub. Komandaya dosent, Universitetin Tələbə Elmi Cəmiyyətinin rəhbəri Nərgiz Məmmədova rəhbərlik edib. O, eyni zamanda “Əczaçılıq fənnləri” istiqaməti üzrə münsiflər heyətinin üzvü kimi çıxış edib. Tədbirdə həmçinin ATU-nun Nevrologiya kafedrasının əməkdaşı Şəhla Məlikova nevrologiya sahəsi üzrə münsiflər heyətinin üzvü olub.

Olimpiadanın yekun nəticələrinə əsasən ATU tələbələri yüksək nailiyyətlər əldə ediblər. Məryəm Əhmədli (Patoloji fiziologiya), Mehin Rəştiyeva (Terapevtik stomatologiya) və Aytən Ələkbərova (Sitologiya, histologiya və embriologiya üzrə elmi layihəyə görə) birinci yerə, Mədinə Şahgəldiyeva isə (Ginekologiya) ikinci yerə layiq görülüb. Digər tələbələr müxtəlif nominasiyalar üzrə diplomlarla təltif olunublar.

Ümumilikdə 60 ali tibb məktəbi arasında göstərilən yüksək nəticələrə görə Azərbaycan Tibb Universiteti III yerə layiq görülüb və diplomla təltif edilib.

Bu uğur Azərbaycan Tibb Universitetində tibbi təhsilin yüksək səviyyədə təşkil olunduğunu, tələbələrin bilik və bacarıqlarının, eləcə də professor-müəllim heyətinin peşəkarlığının bariz göstəricisidir.

Paylaş

Dostlarınız ilə paylaşın.