Türkiyənin Hacettepe Universiteti Hastaneleri Anesteziologiya və Reanimatologiya bölməsinin professoru Dr. Seda Banu Akıncı Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə Klinikasının qonağı oldu.
Prof. Seda Banu Akıncı Tədris Cərrahiyyə Klinikasının direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Nuru Bayramov və klinikanın baş həkimi, dosent Dr. Asiman Həsənovla görüşüb.
Görüş zamanı qeyd olunub ki, Hacettepe Universiteti xəstəxanası Tədris Cərrahiyyə Klinikası ilə daha geniş əlaqələr qurulması və inkişaf etdirilməsini arzulayır. Klinikalar arasında elm, təhsil sahəsində əməkdaşlığın yaradılması, o cümlədən həkim, tələbə, rezident mübadiləsi, müəllimlərin təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı birgə fəaliyyətin icra olunması haqqında fikir mübadiləsi aparıldı.
Söhbət zamanı qonağa ATU-nun Tədris Cərrahiyyə Klinikası, onun fəaliyyəti, şöbələri haqqında məlumat verildi. Həmçinin, Anesteziologiya və Reanimatologiya şöbəsindəkı cari vəziyyət və gələcəkdə görüləcək işlər barədə ətraflı müzakirələr aparıldı. Görüşdən sonra Prof.Dr. Seda Banu Akıncı klinika ilə daha ətraflı tanış olub. O, klinikaların şöbələrini gəzib, burada xəstələr və rezidentlər üçün yaradılan şəraitdən məmnun qaldığını bildirdi.