
Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Pediatriyada müasir yanaşmalar və multidisiplinar inteqrasiya” mövzusunda konfrans keçirilib.
Tədbirdə millət vəkilləri Hicran Hüseynova, Müşfiq Məmmədli, Mehriban Vəliyeva, Səbinə Salmanova, həmçinin Türkiyə və Azərbaycanın tanınmış pediatrları və həkimləri iştirak ediblər.
Konfransdan əvvəl iştirakçılar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin heykəli önünə əklil qoyaraq xatirəsini yad ediblər. Ardınca Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Açılış nitqlərində millət vəkilləri Heydər Əliyevin səhiyyə sisteminin inkişafındakı tarixi rolunu, həmçinin bu siyasətin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.
“Uşaqlar bizim gələcəyimizdir” devizi altında çıxış edən Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə Ulu Öndərin uşaqların sağlamlığına göstərdiyi xüsusi qayğını və onun müəyyən etdiyi xəttin bu gün də islahatların əsasını təşkil etdiyini bildirib. O, həmçinin Assosiasiyanın inkişafında Heydər Əliyevin dəstəyinin mühüm rol oynadığını qeyd edib. Daha sonra pediatrik xidmətin müasir çağırışları, multidisiplinar əməkdaşlığın əhəmiyyəti, erkən diaqnostika imkanları və innovativ müalicə üsulları barədə danışıb.
Konfrans çərçivəsində müxtəlif mütəxəssislər geniş elmi məruzələrlə çıxışlarını təqdim ediblər. ATU-nun Tədris Terapevtik Klinikasının invaziv uşaq kardioloqu Elnur İmanov “Pediatrik praktikada uşaqlarda kardiopatologiyanın diaqnostik meyarları”, II uşaq xəstəlikləri kafedrasının dosenti, Ülviyyə Hacıyeva “Uşaqlarda mövsümi virus infeksiyaları; ağırlaşmalar, diaqnostikası və müalicəsi”, Aydın Adnan Menders Universitetindən Dr. Kemal Avcı “Autizmdə autoimmun və mikrobiotaya yönəlik strategiyalar”, professor Murat Hökəlik “Autizmdə mikrobiota və infeksiyalar”, II uşaq xəstəlikləri kafedrasının dosenti, Lalə Hidayətova “Funsional qastrointestinal xəstəliklər və psixoemosional faktorlar”, Dr. Yetkin Hamletzadə isə “Epilepsiyanın müalicəsində yeniliklər” mövzularında təqdimatlarla çıxış ediblər.
Konfransın ikinci panelində isə multidisiplinar yanaşmanın əhəmiyyəti müzakirə olunub. Dr. Səbinə Cəfərova “Covid-19 və multisistem iltihabi sindromun immunoloji xüsusiyyətləri”, Dr. Röyanə Quluzadə “Autizm Spektr Pozuntuları və digər nevroloji xəstəliklərdə tDCS aparat terapiyası”, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova “Orqan donorluğu və transplantasiyası işinin hüquqi əsasları”, Dr. Elmir Təhməzov “Pozitiv valideynlik proqramı”, Dr. Ülkər Mürsəlova “Yenidoğulmuşlarda qeyri-epileptik hərəkət pozuntuları”, Uzman Psixoloq Büşra Kaya “Müalicə prosesində valideyn-uşaq münasibətləri”, Dr.Ləman Əlirzayeva “Uşaqlarda yetərsiz qidalanma: Malnutrisyanın dəyərləndirilməsi”, Dr. Aytəkin Adilova “Bartter Syndrome”, II uşaq xəstəlikləri kafedrasının dosenti, Fəxriyyə Məmmədova “Tez-tez xəstələnən uşaqlarda diaqnostik çətinliklər” mövzularında çıxış ediblər. Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən professor Mireldar Babayev isə “Uşaqlarda olan anemiya və bioloji çatışmazlıq” mövzusunda məlumatları təqdim edib.
Daha sonra Tələbə Elmi Cəmiyyətinin sədri Həmid Səfərli tələbələrin elmi nailiyyətləri və gələcək planlar barədə məlumat verib.
Məruzələrdə pediatriyada müasir elmi yanaşmaların, innovativ texnologiyaların, beynəlxalq təcrübənin və multidisiplinar əməkdaşlığın uşaq sağlamlığı üçün əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirdə vətənpərvərlik mövzusunda bədii hissə təqdim edilib, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova tədbirin təşkilinə görə, “Boulevard Medical Center” rəhbərliyinə və kollektivinə isə şəhid və qazi ailələrinin uşaqlarının müayinələrinə göstərdiyi dəstəyə görə təşəkkür edilib.
Tədbir zamanı həmçinin Azərbaycan Pediatrlar Assosiasiyasının 95 illik yubileyi münasibətilə “Təşəkkürnamə”lər təqdim olunub. Konfrans Ulu Öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətini əks etdirən filmin nümayişi ilə yekunlaşıb.