Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının konfrans zalında ATU-nun Neyrocərrahiyyə, Urologiya, Burun, qulaq və boğaz, Ağız və üz-çənə cərrahiyyəsi, Travmatologiya kafedralarının illik hesabatı üzrə iclas keçirildi. Toplantını direktor, I Cərrahi Xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvi, professor Nuru Bayramov və klinikanın baş həkimi, dosent Dr. Asiman Həsənov açıq elan etdi.
Daha sonra Neyrocərrahiyyə, Urologiya, Burun, qulaq və boğaz, Ağız və üz-çənə cərrahiyyəsi, Travmatologiya kafedralarının illik hesabatı üzrə şöbə müdirləri ətraflı prezentasiyalarla çıxış etdilər. Burada kadrların aktivliyi və fəaliyyəti, xəstələrin ümumi statistikası, müayinə və müalicə olunan xəstələrin statistikası, aparılan əməliyyatlar, növləri və onların nəticələrinin illik statistik hesabatı, əldə olunan uğurlar, tətbiq olunan yeniliklər, həmçinin fəsadlar, onların qarşısının alınması üçün düzəldici-önləyici fəaliyyət, həm təhsildə, həm də müalicədə işin keyfiyyətini daha da yüksəltmək üçün məqsədlər və s. barədə ətraflı müzakirələr aparıldı, qərarlar qəbul edildi.
İclasda kafedra müdirləri də gələcək iclaslar üçün öz fikir və təkliflərini bölüşdülər, maraqlı diskussiyalar aparıldı.
Sonda klinikanın rəhbərliyi - direktor, professor Nuru Bayramov və baş həkimi, dosent Dr. Asiman Həsənov müzakirə olunan bütün məsələlərlə bağlı öz təklif və tövsiyyələrini bildirdilər.