
Dekabrın 12-də Azərbaycan Tibb Universitetində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
Tədbir iştirakçıları əvvəlcə böyük şəxsiyyətin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri açan Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsindəki xilaskarlıq missiyasından danışıb. O bildirib ki, bugünkü Azərbaycan gəncləri Ulu Öndər haqqında məlumatları əsasən dərsliklərdən və kitablardan öyrənirlər, halbuki orta və yaşlı nəsil onunla eyni dövrdə yaşamaq şərəfinə nail olub:
“Bu gün Azərbaycan xalqı tarixinin ən parlaq dövrünü yaşayır. Belə böyük bir insan haqqında danışmaq həmişə çətindir. Ulu Öndərin bizə bəxş etdiyi müstəqil Azərbaycanda həyat davam edir və bu sərbəstlik, azadlıq onun planlı, düşünülmüş siyasətinin nəticəsidir”.
Sonra çıxış edən Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev Ulu Öndər Heydər Əliyevin xalqımız üçün misilsiz dəyər olduğunu vurğulayıb. Professor qeyd edib ki, Azərbaycan böyük təbii sərvətlərə malik olsa da, ölkənin ən böyük sərvəti məhz Heydər Əliyev kimi dahi bir liderinin olmasıdır: “Dahilik Allah tərəfindən verilən bir xüsusiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının səmasında parlayan bir ulduzdur. Onun rəhbərliyi dövründə hər bir addım xalqın rifahına xidmət edib. Bu dahi şəxsiyyət həm idarəçilikdə, həm də insani keyfiyyətlərində nümunə olub”.
Professor vurğulayıb ki, Heydər Əliyevin əsas fəaliyyət xəttini vətənpərvərlik, yüksək tərbiyə, elm və düzgün düşüncə tərzi təşkil edib. Onun ideyaları bu gün də ölkəmizin inkişafına yön verir.
İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev isə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlərdən bəhs edib: “Ulu Öndər deyirdi ki, mən həyatda üç şeyə arxalanmışam: birincisi Yaradanıma, ikincisi zəhmətimə, üçüncüsü xalqıma. Öz xalqının xilaskarına çevrilən Heydər Əliyevin ən böyük əsəri müstəqil, suveren Azərbaycan dövlətidir. Fəxrlə deyə bilərik ki, Ulu Öndər həmişə xalqına və dövlətinə sadiq olub. Onun əsas məqsədi Azərbaycanın təhlükəsizliyini təmin etmək, dövlətçiliyi möhkəmləndirmək və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaq idi. Bu gün biz onun qoyduğu prinsipləri davam etdiririk”.
Professor çıxışında, həmçinin qeyd edib ki, Ulu Öndərin rəhbərliyi dövründə ölkədə sabitliyin gücləndirilməsi istiqamətində, eləcə də elm, təhsil, tibb və digər sahələrdə ardıcıl islahatlar həyata keçirilib və bunlar dövlətimizin yüksələn inkişafına zəmin yaradıb.
Natiqlər çıxışlarında şəhidlərimizin qəhrəmanlığını da xüsusi ehtiramla yad edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpasının asan başa gəlmədiyini yada salıblar. Bildirilib ki, bu tarixi Zəfər müasir Azərbaycanın memarı Heydər Əliyevin qoyduğu möhkəm təməllər və Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində mümkün olub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində əbədi yaşayacağı və onun ideyalarının bundan sonra da gənc nəslin yoluna işıq tutacağı əminliklə vurğulanıb.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.