Bizi izləyin:
Heydər Əliyev
Beyin ölümü və orqan donorluğu: gələcək həkimlər üçün vacib mesajlar

Beyin ölümü və orqan donorluğu: gələcək həkimlər üçün vacib mesajlar

Azərbaycan Tibb Universitetində (ATU) beyin ölümü və orqan donorluğu mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (ODTKM) əməkdaşları, tibb işçiləri və universitetin Hərbi Tibb və Tibb fakültələrinin tələbələri iştirak ediblər.

Tədbiri ATU-nun Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov açaraq mövzunun tibbin ən vacib və aktual sahələrindən biri olduğunu bildirib. O, çıxışında tələbələrin bu cür görüşlərə cəlb olunmasının tibb mütəxəssisləri kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Səhiyyə Nazirliyi ODTKM sədri Yeganə Abbasova çıxış edərək Azərbaycan səhiyyəsinin bu sahədə əldə etdiyi nailiyyətlərdən və görülən işlərin əhəmiyyətindən danışıb. Yeganə Abbasova bildirib ki, səhiyyənin inkişafına dövlət rəhbərliyi tərəfindən böyük diqqət yetirilir. Transplantasiyanın ölkə səhiyyəsinin inkişaf səviyyəsini göstərən ən önəmli göstəricilərdən biri olduğunu vurğulayan Y. Abbasova qeyd edib ki, Azərbaycanda bu əməliyyatları ən yüksək standartlara uyğun icra etmək üçün bütün imkanlar mövcuddur.

Mərkəz sədri meyit donordan transplantasiyanın yalnız tibbi potensialı deyil, həm də cəmiyyətin maariflilik və humanizm dəyərlərini əks etdirdiyini bildirib: “Meyit donordan transplantasiya həmin ölkənin əhalisinin yüksək intellekt səviyyəsinə malik olduğunu göstərir. Bu o deməkdir ki, cəmiyyət anlayır, kömək etməyə hazırdır. Kömək etmək istəyi isə ən böyük insanpərvərlik nümunəsidir.”

O, 2022-ci ildə Səhiyyə Nazirliyinin tərkibində Orqan Donorluğu və Transplantasiyası Koordinasiya Mərkəzinin yaradılmasının mühüm dönüş nöqtəsi olduğunu qeyd edib. Çıxışı zamanı Yeganə Abbasova transplantasiya proseslərinin idarə olunmasında mühüm rol oynayan vahid informasiya sistemi haqqında da məlumat verib. O bildirib ki, bu sistem donorların, xəstələrin, tibb müəssisələrinin məlumatlarını bir mərkəzdə toplayaraq proseslərin daha dəqiq, şəffaf və operativ şəkildə aparılmasına xidmət edir.

ODTKM sədrinin müavini Günay Abbasova çıxışında Azərbaycanda ölüm faktının müəyyən edilməsi və reanimasiya tədbirlərinin dayandırılması ilə bağlı mövcud normativ sənədlərdən bəhs edib. “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” barədə sənədin müddəaları, həmçinin Səhiyyə Nazirliyinin ölümün tərifi və təsdiqi ilə bağlı qərarları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

G. Abbasova beynəlxalq təsnifat standartları, ölümün kodlaşdırılması, habelə beyin ölümü anlayışının əhəmiyyəti barədə geniş məlumat verib.

Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxış edərək orqan donorluğu ilə bağlı bir çox məsələlərə aydınlıq gətirib. Orqan transplantasiyasının bir çox hallarda yeganə həyat yolu olduğunu vurğulayan həkim-koordinator xüsusilə dializ xəstələrinin ağır vəziyyətinə diqqət çəkib. O bildirib ki, dializdə olan böyrək xəstələri, həmçinin qaraciyər çatışmazlığı yaşayan xəstələr üçün donor tapılmaması həyati risk yaradır.

Çıxış zamanı o, donor razılığının verilməsinin heç də hər bir insanın faktiki olaraq ölümdən sonra donor olacağı anlamına gəlmədiyini xüsusi vurğulayıb: “Donor olmaq üçün ilk şərt beyin ölümünün baş verməsidir. Beyin ölümü diaqnozu qoyulmadan heç kim donor statusuna keçmir.”

Mövzuya böyük maraq göstərən tələbələrin çoxsaylı sualları cavablandırılıb, real klinik situasiyalar və transplantasiya prosesinin praktiki tərəfləri müzakirə olunub.

Tədbirin sonunda donorluq təşəbbüsünə dəstək vermək istəyən tələbələr Səhiyyə Nazirliyi Kollegiyası tərəfindən təsdiq edilmiş ərizə formalarını imzalayıblar.

Paylaş

Dostlarınız ilə paylaşın.