
Azərbaycan Tibb Universitetində (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) illik konfransı keçirildi. Tədbirdə TEC-in fəaliyyəti və universitetdə elmi-tədqiqat işlərinin inkişafı ilə bağlı bir sıra mühüm məsələlər müzakirə edildi.
Konfransı universitetin elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan açdı. O, çıxışında TEC-in universitetin elmi həyatında mühüm rolunu vurğuladı, gənc tədqiqatçıların elmi potensialının inkişafının əhəmiyyətini qeyd etdi. Prorektor TEC-in həyata keçirdiyi tədbirlərin elmi mühitin formalaşmasına verdiyi töhfələrdən danışdı və konfrans iştirakçılarına uğurlar arzuladı.
Daha sonra Elmi Tədqiqatların İdarə Olunması Departamentinin rəhbəri, professor Eldar Qarayev çıxış edərək, TEC-in elmi-tədqiqat fəaliyyətinin koordinasiyasındakı və gənc alimlərin elmi prosesə cəlb olunmasındakı rolunu vurğuladı, universitetdə aparılan elmi tədqiqatların keyfiyyətinin artırılması və nəticələrin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini qeyd etdi.
Konfrans ATU TEC-in elmi rəhbəri, dosent Nərgiz Məmmədovanın çıxışı ilə davam etdi. O, gündəlikdə duran məsələləri iştirakçılara təqdim etdi və hər bir mövzu haqqında ətraflı məlumat verdi.
Konfrans çərçivəsində ilk olaraq TEC-in əsasnaməsi təqdim edildi və müzakirələrdən sonra iştirakçılar tərəfindən təsdiq olundu. Daha sonra TEC-in sədri, II MPF fakültəsinin tələbəsi Həmid Səfərli, il ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə illik hesabatını təqdim etdi. Hesabat iştirakçılar tərəfindən qənaətbəxş qiymətləndirildi.
Növbəti il üçün nəzərdə tutulmuş fəaliyyət planı müzakirə edildi, iştirakçıların təklifləri nəzərə alınaraq təsdiq olundu. Eyni zamanda, TEC-in Şurasının yeni tərkibi iştirakçılara təqdim edildi və səsvermə yolu ilə təsdiqləndi.
Konfransın digər hissəsində müxtəlif fakültələrdən olan tələbələr çıxış edərək, TEC-in fəaliyyətində mövcud olan problemləri müzakirə etdi və onların həlli ilə bağlı təkliflərini səsləndirdi.