ATU-nun Tədris Terapevtik Klinikasında Tibbi Şurasının genişləndirilmiş iclası keçirilib. Klinikanın direktoru professor Surxay Musayev iclası açaraq ölkə Prezidenti İlham Əliyevin səhiyyə işçilərinin maaşlarının artırılması barədə sərəncamı xatırladıb, diqqət və qayğı üçün kollektiv adından ölkə başçısına təşəkkürlərini ifadə edib. Şura üzvləri gündəliklə tanış olunub. Gündəlikdə olan birinci məsələ ilə bağlı baş həkim, dosent Ramin Bayramlı çıxış edərək Klinikanın yanvar ayındakı müalicə-diaqnostik fəaliyyəti ilə bağlı hesabatı şura üzvlərinin diqqətinə çatdırıb.
Yanvar ayı ərzində klinikanın şöbələrində stasionar və gündüz rejimdə müalicə alan pasiyentlər barədə ətraflı məlumat verən baş həkim, həm ötən ay, həm də 2015-ci ilin yanvar ayı ilə müqayisəli paralellər apararaq əksər şöbələr üzrə əvvəlki ayla müqayisədə xəstə qəbulunun artdığını bildirib. Baş həkim Reanimasiya və İntensiv Terapiya şöbəsinin üzərində xüsusi dayanaraq buraya digər xəstəxanalardan çox ağır xəstələrin daxil olduğunu və müvəfəqiyyətlə müalicə olunaraq müvafiq şöbələrə köçürüldüklərini bildirib. Uşaq reanimasiya bölməsinin fəaliyyətini xüsusi vurğulayan baş həkim, buraya son vaxtlar bir sıra xəstəxanalardan “ağciyərlərin atelektazı”, “diabetik koma”, “ensefalit” kimi diaqnozlarla çox ağır vəziyyətdə uşaqların qəbul edildiyini və onların kollektivin səyi nəticəsində vəziyyətdən çıxarıldıqlarını məmnunluqla ifadə edib.
Daha sonra “Fizioterapiya: əldə olunan nailiyyətlər, hədəflər” məsələsi ətrafında dosent Paşa Mehdiyevin çıxışı dinlənilib. O, Klinikada icra edilən fizioterapevtik proseduralardan söz açaraq bölmənin işinin daha da təkmilləşdirilməsi və müasir tələblərə cavab verməsi üçün gələcək hədəfləri diqqətə çatdırıb. Gündəliyin üçüncü məsələsi ilə bağlı professor S.Musayev Klinikada çalışan orta və kiçik tibb işçilərinin əmək haqlarının artırılması qərarını müzakirəyə təqdim edib, bu qərar şura üzvləri tərəfindən müsbət qarşılanıb. Daha sonra yaz semestrinin başlanması ilə əlaqədar məsələlərə toxunan professor S. Musayev vurğulayıb ki, Klinikanın auditoriyaları tədris prosesinə tam hazır vəziyyətdədir. O, bu məsələ ilə bağlı professor-müəllim heyətinin üzərinə düşən vəzifələri bir daha xatırladaraq tədris prosesinin yüksək səviyyədə təşkili üçün tövsiyələrini verib. Toplantı cari məsələlərin müzakirəsi ilə işini yekunlaşdırıb.