

Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasında “Təcrübədən tədrisə” layihəsi çərçivəsində növbəti mühazirə təşkil olunub. Psixologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bünyatova İctimai səhiyyə ixtisasının III kurs tələbələri üçün “Stressin psixogigiyena və psixoprofilaktikası” mövzusunda mühazirə ilə çıxış edib.
Mühazirə zamanı dosent Aynur Bünyatova “stress”, “stressor”, stressin əsas xüsusiyyətləri, növləri və yaranma səbəbləri barədə ətraflı məlumat verib, yeniyetmələrdə stress vəziyyətinin formalaşmasında müxtəlif stressorların rolunu izah edib. Həmçinin stressə davamlılıq, stress və distressin profilaktikası məsələləri diskussiya formatında müzakirə olunub.
Qeyd edək ki, 20 illik praktiki təcrübəyə malik olan Aynur Bünyatova UNICEF və UNDP layihələri çərçivəsində sosial-psixoloji təlimçi kimi fəaliyyət göstərib, gender əsaslı zorakılığın qarşısının alınması və psixososial dəstək proqramlarında iştirak edib. O, müharibə və böhran şəraitindən zərər çəkmiş qadın və uşaqlara psixososial dəstək üzrə dövlət proqramlarına da cəlb olunub. Hazırda Azərbaycan İdman Akademiyasında psixoloq vəzifəsində çalışır.
Mühazirə tələbələr tərəfindən maraqla qarşılanıb, onları maraqlandıran suallar mühazirəçi tərəfindən ətraflı şəkildə cavablandırılıb.
