Dekabrın 16-da Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “İxtisasını tanıt” adlı müsabiqə keçirilib. Müsabiqənin əsas məqsədi tələbələrin təhsil aldıqları ixtisasları dərindən tanımaları, bu ixtisasların cəmiyyət üçün əhəmiyyətini araşdırmaları və əldə etdikləri bilikləri təqdimat yolu ilə başqalarına çatdırmaları olub.
Tədbirin açılışında çıxış edən İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva bildirib ki, bu müsabiqə tələbələrə seçdikləri ixtisası nə dərəcədə dərk etdiklərini, onun gələcəkdəki rolunu necə gördüklərini və bu bilikləri auditoriyaya necə ötürdüklərini nümayiş etdirmək imkanı yaradır. O, müasir dövrdə ictimai səhiyyə mütəxəssisinin analitik düşünmə, qərar qəbuletmə, komandada işləmə və
effektiv ünsiyyət bacarıqlarına malik olmasının vacibliyini vurğulayıb: “Əminəm ki, bu gün təqdim olunan çıxışlar peşəkar məzmun, elmi yanaşma və səmimi maraqla zəngin olacaq. Xüsusi dəstəyinə görə THİK sədri Qoşqar İsmayılova təşəkkürümüzü bildirir, gələcəyin mütəxəssislərinə bu yolda uğurlar arzulayırıq”!
İctimai səhiyyə fakültəsinin II kurs tələbəsi Vüqar Əlizadə çıxış edərək bildirib ki, “İxtisasını tanıt” layihəsi uzun illərdir həyata keçirilir və əsas məqsədi ictimai səhiyyə ixtisaslarının mahiyyətini, bu sahənin cəmiyyət üçün əhəmiyyətini tələbələrə aşılamaqdır. Onun sözlərinə görə, layihə çərçivəsində cəmiyyətdə
mövcud olan yanlış təsəvvürlərin aradan qaldırılmasına da töhfə verilir: “İctimai səhiyyə, tibb bacılığı və fizioterapiya olduqca vacib sahələrdir. Bu müsabiqə vasitəsilə tələbələr ixtisaslarının önəmini həm nəzəri, həm də praktik baxımdan təqdim edirlər. Eyni zamanda, dünyada bu sahə üzrə aparılan işlər və gələcək perspektivlər də müzakirə olunur”.
İkinci ali təhsil alan tələbə Aydan İsazadə qeyd edib ki, onun ilk ali təhsili qida məhsulları mühəndisliyi üzrə olub və sonradan ictimai səhiyyə ixtisasını şüurlu şəkildə seçib. O, ictimai səhiyyənin yalnız bu gün üçün deyil, gələcək üçün də böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Bu sahə geniş və zəngin perspektivlərə malikdir. Hazırda ölkəmizdə az tanınsa da, gələcəkdə ictimai səhiyyə mütəxəssislərinə tələbat artacaq. Bir çox inkişaf etmiş ölkələrdə bu ixtisas artıq geniş şəkildə tanınır və yüksək qiymətləndirilir”. Bundan sonra İctimai səhiyyə, Fizioterapiya və tibbi reabilitasiya, Tibb bacısı
(qardaşı) işi ixtisasları tələbələr tərəfindən tanıdılıb. Hər bir iştirakçı öz ixtisasının vacibliyini və cəmiyyət üçün əhəmiyyətini peşəkarlıqla təqdim edib. Müsabiqə İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva, Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli və Fizioterapiya və reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyevdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə zamanı mövzunun əhatəliliyi, elektron təqdimatın keyfiyyəti və iştirakçıların nitq bacarığı əsas meyarlar kimi götürülüb. Müsabiqədə Tibb bacısı (qardaşı) işi ixtisası üzrə II kurs tələbəsi Fatimə Əliyeva I, Fizioterapiya və reabilitasiya ixtisası üzrə I kurs tələbəsi Ayşən Bədəlzadə II, Tibb bacısı (qardaşı) işi ixtisası üzrə I kurs tələbəsi Aygül Qafarlı III yerə layiq görülərək diplom və hədiyyələrlə mükafatlandırılıblar, tanıtım çıxışı edən digər tələbələrə isə sertifikatlar təqdim olunub.