Fevralın 15-də Azərbaycan Tibb Universitetinin (ATU) Stomatoloji Klinikasında Terapevtik stomatologiya, Ortopedik stomatologiya, Uşaq stomatologiyası və Stomatologiya kafedralarının müəllimləri ilə tələbələrin bilik və bacarıqlarının qiymətləndirmə meyarlarına həsr edilmiş seminar-müşavirə keçirilib.
Müşavirədə tədris-metodik və innovasiya şöbəsinin müdiri prof. A.İ.Qurbanov tələbə məmnunluğunun vacibliyindən danışaraq bu sahədə qiymətləndirmənin mühüm əhəmiyyətini göstərərək qeyd etdi ki, istənilən halda tələbə onun bilik və bacarıqlarının düzgün qiymətləndirilməsinə əmin olmalıdır. O, semestrin sonunda tələbələrin yekun qiymətinin məhz gündəlik qiymətləndirmədən asılı olmasını bir daha nəzərə çatdırmaqla, bu sahəyə xüsusi diqqət yetirməyin vacib olduğunu bildirib. Belə ki, imtahana qədərki (gündəlik) qiymətləndirmə zamanı yekun qiymətin nəzəri biliklərdən, bacarıqlardan, sərbəst işlərdən və dərsə davamiyyətdən toplanılan balların cəmindən asılıdır.
Stomatologiya fakultəsinin tələbələri üçün bacarıqların öyrədilməsinin mühüm əhəmiyyəti qeyd edilib, bacarıqlarının tədrisi və qiymətləndirilmə xüsusiyyətləri bir daha müəllimlərin nəzərinə çatdırılıb. Bununla yanaşı nəzəri biliklərin qiymətləndirilməsi, eləcə də, sərbəst işlərin hazırlanması və qəbul edilməsi prinsipləri şərh edilib. Müşavirədə iştirak edən Stomatologiya fakultəsinin dekanı prof. Z.İ.Qarayev və Stomatoloji klinikanın direktoru prof. A.M.Səfərov klinikadakı kafedralarda bacarıqların öyrədilməsi üçün bütün mümkün şəraitin olmasını, eləcə də Stomatoloji klinikada bu məqsədlə xüsusi Laboratoriyanın fəaliyyət göstərməsini qeyd etdilər. Tədris prosesində qarşıya çıxan problemlərin vaxtında həll edilməsində kafedraların qarşısında duran vəzifələrdən danışdılar.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.