Bizi izləyin:
Heydər Əliyev
Görkəmli alimə ehtiram: Professor Qəhrəman Qəhrəmanovun 100 illik yubileyi qeyd olunub

Görkəmli alimə ehtiram: Professor Qəhrəman Qəhrəmanovun 100 illik yubileyi qeyd olunub


Dekabrın 18-də Azərbaycan Tibb Universitetində Əməkdar elm xadimi, “Şöhrət” ordenli, tibb elmləri doktoru, professor Qəhrəman Mehdiqulu oğlu Qəhrəmanovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Vətənimizin bütövlüyü və gələcəyi naminə canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bundan sonra konfransı giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bildirib ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış mühüm bir ənənə var. Bu ənənəyə əsasən, xalqımızın, elmimizin, təhsilimizin və səhiyyəmizin inkişafında əvəzsiz xidmətləri olan şəxsiyyətlərin xatirəsi daim ehtiramla yad edilir, yubileyləri yüksək səviyyədə keçirilir. Rektor vurğulayıb ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ənənə Azərbaycan Tibb Universitetində də ardıcıl şəkildə qorunur və yaşadılır.

Professor Gəray Gəraybəyli çıxışında Qəhrəman Qəhrəmanovun həyat və fəaliyyətinə nəzər salaraq onu Azərbaycan tibb elminin korifeylərindən biri kimi səciyyələndirib. Qeyd edib ki, neyrofiziologiya və neyrokimya məktəbinin yaradıcısı olan Qəhrəman Qəhrəmanov bütün şərəfli ömrünü tibb elminin inkişafına, elmi həqiqətlərin üzə çıxarılmasına və gənc nəslin yetişdirilməsinə həsr edib: “1925-ci il dekabrın 26-da Zəngəzur mahalının Qafan rayonunun Qaradağlı kəndində dünyaya gələn Qəhrəman Qəhrəmanov saf əqidəsi, yüksək mənəvi keyfiyyətləri və zəngin intellekti ilə hər zaman örnək bir ziyalı idi. Gənclik illərində qarşısına çıxan görkəmli alimlər – Bahadur Eyvazov, Kamil Balakişiyev, Fuad Əfəndiyev, Mustafa Topçubaşov, Zülfüqar Məmmədov, Abdulla Qarayev və Əhəd Həsənov kimi şəxsiyyətlərin elmi və mənəvi təsiri onun elm yolunu düzgün müəyyənləşdirməsində mühüm rol oynayıb. Bir vaxtlar cərrah olmağı düşünən Qəhrəman Qəhrəmanov sonradan ömrünü fiziologiya elminin inkişafına həsr etməyi daha məqsədəuyğun hesab edib və bu seçim Azərbaycan tibb elmi üçün böyük qazanc olub.

1950-ci illərdən etibarən apardığı tədqiqatlar elmi ictimaiyyətdə böyük maraq doğurub. Azərbaycan Tibb İnstitutunu “qırmızı diplom”la bitirən Qəhrəman Qəhrəmanov 1958-ci ildə professor Abdulla Qarayevin rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edib. Onun bu işi interoreseptorlar və maddələr mübadiləsi sahəsində aparılan sonrakı tədqiqatlar üçün mühüm elmi baza yaradıb.

Uzun illər Normal fiziologiya kafedrasında çalışan alimin elmi-pedaqoji fəaliyyətinin daim yüksək qiymətləndirilib. O, “Səhiyyə əlaçısı” döş nişanı, “Əməkdar elm xadimi” fəxri adı, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, bir sıra orden və medallar, o cümlədən müstəqil Azərbaycanın ali təltiflərindən olan “Şöhrət” ordeni ilə təltif edilib”.

Professor Qəhrəman Qəhrəmanovun çoxsaylı elmi məqalələrin, monoqrafiyaların və dərsliklərin müəllifi olduğunu xatırladan rektor, xüsusilə onun 2001-ci ildə nəşr edilən “Beyinin və ürəyin sirlərinə pəncərələr” kitabının bu gün də fiziologiya sahəsində dəyərli mənbə kimi istifadə olunduğunu diqqətə çatdırıb.

Bildirib ki, Qəhrəman Qəhrəmanov yalnız alim deyil, həm də geniş dünyagörüşə malik ensiklopedik bilikli bir ziyalı idi: “O, mühazirələrində tibb və fiziologiyanın ən son nailiyyətlərini tarix, fəlsəfə, poeziya və ədəbiyyatla ustalıqla əlaqələndirir, Nizami, Nəsimi, Tusi, Əl-Fərabi, İbn Sina kimi dahilərin fikirlərinə müraciət edərək tələbələrinə təkcə bilik deyil, həm də həyat fəlsəfəsi aşılayırdı”.

Konfransda çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Qəhrəman Qəhrəmanovun böyük elmi məktəb yaratdığını vurğulayaraq qeyd edib ki, Qəhrəman Qəhrəmanov ömrünün sonuna qədər fiziologiya sahəsində çalışdı, fəaliyyət göstərdi, elmi tədqiqat işləri apardı, kitablar çap etdirdi: “Burada oturan alimlər mənimlə razılaşar ki, hər bir tədqiqatçının, hər bir böyük alimin fəaliyyətinin zirvəsi onun yaratdığı elmi məktəbdir. Qəhrəman Qəhrəmanov da sözün əsl mənasında, böyük bir elmi məktəb yaradıb və hesab edirəm ki, belə böyük alimlərimizin, mütəxəssislərimizin yubileylərinin keçirilməsi vacibdir. Çünki gənc nəsil elmimizin, səhiyyəmizin, təhsilimizin
keçmişini yaxşı bilməlidir. Adətən belə insanlar haqqında danışanda həmişə deyirəm ki, bütün ömrünü öz xalqına, Vətəninə həsr etmiş insanların ömrü o xalqların ömrü qədərdir. Professor Qəhrəman Qəhrəmanov da məhz belə şəxsiyyətlərdəndir”.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə Qəhrəman müəllimin tələbəsi kimi xatirələrini bölüşərək onun mürəkkəb fiziologiya elmini sadə və anlaşılan dildə izah etmək bacarığını xüsusi qeyd edib: “Qəhrəman müəllim bizə insan fiziologiyası fənni üzrə dərs deyirdi. İnsan fiziologiyası çox mürəkkəb bir elmdir. Əslində, fiziologiya insanın həyatıdır. Bizim fiziki və psixi sağlamlığımız fiziologiyadır. Bu elmin müasir nailiyyətlərinə baxmayaraq, hələ də qaranlıq məqamları qalır və hər il yeni kəşflər çıxır.

O mürəkkəb elmi, insan fiziologiyasını Qəhrəman müəllim biz tələbələrə asan, bizim başa düşə biləcəyimiz dildə izah edirdi və mühazirələri çox maraqlı keçirdi. Qəhrəman müəllim öz mühazirələrində təbii ki, fiziologiyadan,
elmi məsələlərdən, öz eksperimentlərindən, xüsusilə də elmi rəhbəri Anokin və onun təcrübəsindən maraqlı şeylər danışardı. O vaxt internet yox idi, Qəhrəman müəllimin mühazirələri bizə fantastik məlumatlar kimi gəlirdi. Amma mühazirlər zamanı həm də ədəbiyyatdan, Azərbaycan tarixindən danışır, şeirlərdən misralar deyir və bunu fiziologiya ilə uzlaşdırırdı. Qəhrəman müəllimin əziz xatirəsinə belə bir möhtəşəm konfransın təşkil olunmasına görə universitetin rəhbərliyinə də təşəkkür edirəm”.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ATU-nun Normal fiziologiya kafedrasının müdiri, professor Arif Məmmədov görkəmli alimin həyat və elmi irsinə həsr olunmuş geniş məruzə ilə çıxış edib.

Professorlar İbadulla Ağayev və Paşa Qəlbinur xatirə çıxışlarında Qəhrəman Qəhrəmanovun Azərbaycan tibb elminə verdiyi əvəzsiz töhfələrdən danışıblar.

Q. Qəhrəmanovun ailə üzvləri adından çıxış edən oğlu, professor Aydın Qəhrəmanov atasının xatirəsinə göstərilən bu ehtirama görə universitetin rəhbərliyinə və o cümlədən tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirib.

Elmi-praktik konfransın işi sessiyalarla davam edib.

 

 

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.