
Azərbaycan Tibb Universitetində “Təbib” Tədris İdman Mərkəzi, Bakı şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə əcnəbi qız tələbələr arasında idman festivalı keçirilib
Festival çərçivəsində estafet qaçışı, kəndirlə mübarizə, voleybol, futzal, badminton və stolüstü tennis üzrə yarışlar təşkil olunub. Yarışlar Beynəlxalq İdman Təşkilatlarının qaydalarına, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ölkədaxili yarışların keçirilməsi ilə bağlı texniki reqlamentinə uyğun şəkildə baş tutub.
İdman festivalında hər birində 6 nəfər olmaqla ümumilikdə 36 əcnəbi qız tələbədən ibarət 6 komanda iştirak edib. Komandalar “Angry”, “Neuro Ninjas”, “Strong”, “Star”, “Phenix” və “Ninja Warriors” adları altında mübarizə aparıblar.
“Təbib” Tədris İdman Mərkəzinin məşqçi-müəllimləri ixtisaslarına uyğun olaraq idman növləri üzrə yarışlara rəhbərlik ediblər. Belə ki, estafet qaçışı üzrə Xatirə Şıxlı və Kübra Bacarani, badminton üzrə Nərgiz Mehdiyeva, kəndirlə mübarizə üzrə Zakir Məmmədov və Leyla Ağayeva, voleybol üzrə Şükür Bayramov və Sevinc İsayeva, futzal üzrə Şükür Bayramov və Ələkbər Əliavsarov, stolüstü tennis üzrə isə Yaroslava Ağaməliyeva və Aybəniz Əliyeva cavabdeh olublar. Yarışlara estafet qaçışı ilə start verilib, festival futzal yarışı ilə yekunlaşıb. Bütün idman növlərində yüksək rəqabət, birlik, dostluq və güclü komanda ruhu açıq şəkildə hiss olunub.
Gərgin və maraqlı mübarizənin yekun nəticələrinə əsasən, I yerə “Neuro Ninjas”, II yerə “Phenix”, III yerə isə “Ninja Warriors” komandası layiq görülüb.
Festivalın bağlanış mərasimində “Təbib” Tədris İdman Mərkəzinin müdiri, əməkdar məşqçi Qələndər Aslanov, ATU-nun əcnəbi tələbələrlə iş üzrə dekanı Natiq Bayramov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmaylov və Nəsimi rayon Gənclər və İdman sektorunun müdiri Yusif Babanlı çıxış ediblər.
Çıxışlar zamanı vurğulanıb ki, Azərbaycan Tibb Universiteti tələbələrinin təxminən 30 faizini əcnəbi tələbələr təşkil edir. Onların asudə vaxtlarının səmərəli təşkili, sosial inteqrasiyası və sağlam həyat tərzinin təşviqi məqsədilə universitetdə mütəmadi olaraq idman və mədəni-kütləvi tədbirlər həyata keçirilir və bu təşəbbüslər gələcəkdə də davam etdiriləcək.
Tədbirin sonunda qalib komandalar diplom, medal və kuboklarla, təşkilatçılar və digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.