Bu gün Azərbaycan Tibb Universitetində tələbələr üçün “Narkomaniyaya və kibercinayətkarlığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbiri universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov açaraq bildirib ki, narkomaniya və kibercinayətkarlıq müasir cəmiyyət üçün ciddi təhlükə yaradan qlobal problemlər sırasındadır. Onun sözlərinə görə, bu mövzular gələcək həkimlər üçün xüsusi əhəmiyyət kəsb edir: “Narkotik asılılığı olan şəxslər ilk növbədə həkimlərə müraciət edirlər. Buna görə də tələbələr cəmiyyətdə narkomanın davranış xüsusiyyətlərini, müalicə prosesini və həkim kimi düzgün yanaşmanı bilməlidirlər.”
Prorektor tədbirdə iştirak edən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirib, narkomaniyanın cəmiyyətdə yaratdığı fəsadlar, törədilən cinayətlər və profilaktik tədbirlər barədə hüquq-mühafizə orqanlarının geniş məlumat və təcrübəyə malik olduğunu vurğulayıb.
Daha sonra söz Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayevə verilib. O, tədbirin əsas məqsədinin narkomaniya və kibercinayətkarlıq kimi təhlükəli sosial problemlərə diqqət çəkmək, gəncləri bu risklərdən qorumaq olduğunu bildirib. Polis rəisi qeyd edib ki, narkomaniya gənclərin sağlamlığını və milli genofondu məhv edən ən təhlükəli sosial bəlalardan biridir və bu problem qlobal xarakter daşıyır. Çıxışında kibercinayətkarlıq mövzusuna da toxunan Vüqar Ağayev vurğulayıb ki, informasiya texnologiyalarının sürətli inkişafı fonunda onlayn fırıldaqçılıq, şəxsi məlumatların oğurlanması və müxtəlif kiberhücumlar artmaqdadır. O, tələbələrə sosial şəbəkələrdə və internet mühitində şəxsi məlumatların qorunması, şübhəli linklərdən və naməlum mənbələrdən gələn mesajlardan uzaq durmaq barədə tövsiyələr verib. Tədbir iştirakçılarına kibercinayətkarlıqdan qorunma yollarını əks etdirən maarifləndirici broşürlər də paylanıb.
Polis rəisi həmçinin narkomaniyanın tarixi, növləri, yayılma yolları və insan sağlamlığına vurduğu ağır fəsadlar barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda ölkəyə əsasən çətənə bitkisindən hazırlanan marixuana və onun törəmələri daxil olur, bu maddələrə əlavə edilən kimyəvi qatqılar isə ilk istifadədən güclü asılılıq yaradır. Tədbir zamanı narkomanların narkotik asılılığına necə cəlb olunduğunu, narkomaniyanın insan həyatına və ailələrin taleyinə vurduğu ağır zərbələri əks etdirən videoçarx nümayiş etdirilib. Video-rolik iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzunun ciddiliyini bir daha ön plana çıxarıb.
Sonda Vüqar Ağayev narkomaniyaya və kibercinayətkarlığa qarşı mübarizədə hüquqi tədbirlərlə yanaşı, maarifləndirmənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və tələbələri bu kimi təhlükələrə qarşı ayıq-sayıq olmağa çağırıb.
Qeyd edək ki, 2024-cü ilin sonunadək Respublika Narkoloji Dispanserində 40 485 şəxs qeydiyyatdadır və onlardan 1500 nəfəri qadındır. Nəsimi rayonu üzrə isə qeydiyyatda olan 1347 nəfərdən 77-si qadındır.