Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Miqren Mütəxəssislərinin I illik Beynəlxalq Konfransı baş tutub

Azərbaycan Miqren Mütəxəssislərinin I illik Beynəlxalq Konfransı baş tutub

“Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin 1-ci illik Beynəlxalq Konfransı” keçirilib.

Səhiyyə naziri Teymur Musayev baş ağrılarının idarə olunmasının tarixi tibbin inkişaf yolunu tam əks etdirdiyini diqqətə çatdırıb: "Min illər əvvəl baş ağrısı tibbi hal kimi deyil, mistik bir hadisə kimi hesab edilirdisə, bu gün klinik nevroloji problem kimi deyil, əhəmiyyətli ictimai səhiyyə məsələsi kimi qiymətləndirilməlidir. Onun geniş yayılması, yüksək əlillik yükü, sosial iqtisadi təsirləri miqrenin müasir səhiyyə siyasətinin diqqət mərkəzinə gətirir. Miqrenin ictimai səhiyyə problemi kimi qəbul edilməsi bir neçə strateji yanaşmanı zəruri edir. İlk növbədə, miqren və digər baş ağrıları milli səhiyyə prioritetləri sırasında öz yerini almaqdadır".

Səhiyyə Nazirliyində bir sıra qabaqcıl mütəxəssislərlə görüş keçirildiyini qeyd edən nazir bildirib: "Tam əminliklə deyə bilərik ki, artıq miqrenin respublikamızda idarə olunmasına dair yol xəritəsinin hazırlanması barədə ilkin müzakirələr aparılıb. Belə ki, ilkin mərhələdə ən mütləq amil kimi ölkəmizdə dünya praktikasına əsaslanan, ən müasir müalicə və diaqnostika metodlarını özündə əks etdirən milli protokolun qəbul edilməsi əsas götürülüb. Bundan sonra ölkəmizdə müasir müalicə üsullarının əlçatanlığını təmin etmək məqsədilə ən qabaqcıl dərman vasitələri və digər üsulların ölkəmizdə sürətli şəkildə qeydiyyatdan keçirilməsi və əhalinin bu müalicələrə əlçatanlığını təmin etmək mövzusu müzakirə olundu. Növbəti mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfinə xroniki miqrenin idarə olunmasının da daxil edilməsi məsələsi gündəmə gəlir. İnanıram ki, növbəti bir il - il yarım ərzində bu istiqamətdə ciddi irəliləyişlərə nail olacağıq. Eyni zamanda, səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət kəsb edir. İlkin səhiyyə xidmətində çalışan tibb işçiləri miqrenin erkən əlamətlərini tanımalı, düzgün yönləndirmə və ilkin müalicə aparmaq imkanına malik olmalıdır. Həmin yanaşma ixtisaslaşmış xidmətlərə düşən yükü də xeyli azaldır”.

Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli çıxışında, “Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin 1-ci illik Beynəlxalq Konfransı”nın miqrenin yalnız klinik nevroloji problem deyil, eyni zamanda ciddi ictimai səhiyyə çağırışı kimi qəbul olunmasının bariz nümunəsi olduğunu qeyd edib:

“Bu gün artıq aydındır ki, miqren və digər baş ağrıları insanların həyat keyfiyyətinə, əmək qabiliyyətinə və sosial rifahına birbaşa təsir göstərir. Xəstəliyin geniş yayılması və yaratdığı əlillik yükü onu təkcə tibbi deyil, sosial-iqtisadi problem kimi də dəyərləndirməyi zəruri edir. Bu baxımdan, möhtərəm cənab nazirin qeyd etdiyi kimi, miqrenin milli səhiyyə prioritetləri sırasında yer alması son dərəcə vacib və strateji addımdır.

ATU olaraq biz miqrenin erkən diaqnostikası, müasir müalicə üsullarının tətbiqi və bu sahədə elmi tədqiqatların genişləndirilməsini xüsusi diqqət mərkəzində saxlayırıq. Gələcək həkimlərin və mütəxəssislərin hazırlanmasında müasir klinik protokollara əsaslanan tədrisin təşkili, eləcə də praktik bacarıqların formalaşdırılması əsas hədəflərimizdəndir”.

Tədbirin davamında Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü professor Məsud Aşina,Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov həmin patologiyanın təkcə tibbi deyil, sosial-iqtisadi cəhətdən ciddi problem olduğunu, insanların həyat keyfiyyətinə və gündəlik fəaliyyətinə təsir göstərdiyini qeyd ediblər. Bildirilib ki, konfransda aparılan müzakirələr, müxtəlif yanaşmalar, bilik və təcrübə mübadilələri xəstəliyin daha effektiv idarə olunması və müalicə edilməsi baxımından olduqca əhəmiyyətlidir. Konfransın əməkdaşlığın güclənməsinə və mühüm elmi ideyaların paylaşılmasına imkan yaratdığını qeyd edən çıxışçılar tədbirin gənc həkim, mütəxəssis, rezident və tələbələr üçün çox məhsuldar və faydalı olacağına əminliklərini ifadə ediblər.

"Azərbaycan Miqren Mütəxəssisləri" İctimai Birliyinin (AMMİB) sədri, professor Sədaqət Hüseynova çıxışında, qadınlarda miqrendən danışaraq,bunun hormonal dəyişikliklərlə bağlı olduğunu mensturasiya, hamiləlik və menopauzanın xəstəliyin gedişinə əhəmiyyətli təsir göstərdiyini vurğulayıb. Xəstəliyin isə adətən, yeniyetmə dövründə başladığını qeyd edib.

 

Konfrans sessiyalarla davam edib.

Paylaş

Dostlarınız ilə paylaşın.