Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası ilə Tədris Terapevtik Klinikasının birgə iştirakı nəticəsində Endokrinologiya üzrə elmi-praktik seminar keçirilib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, I Cərrahi Xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nuru Bayramov tədbiri açaraq, seminar iştirakçılarına uğurlar diləyib. "Əvvəllər Tibb Universitetinin müxtəlif klinikaları yox idi, bütün kafedralar respublikanın ayrı-ayrı hissələrində yerləşirdi. Biz bu dövlət klinikalarında çalışırdıq.” - deyə, N. Bayramov bildirib.
N.Bayramov həmçinin universitetin qarşısında duran vəzifələrdən də söz açıb. O bildirib ki, bu vəzifələrdən birincisi, təhsil, ikincisi praktika, üçüncüsü isə elmdir: "Artıq bizim 4 klinikamız var. Axırıncı Tədris Cərrahiyyə Klinikası fəaliyyətə başladıqdan sonra imkanlarımız daha da genişləndi. İndi işimizi daha rahat apara bilirik. Həmçinin artıq bizim universitetə xaricdən gələn gənc nəslin sayı da gündən-günə artır".
N. Bayramovun sözlərinə görə indi dünyada təbabətin inkişafı yüksək səviyyədə ixtisaslaşmış briqadaların sayəsində mümkün olur: "Və biz də bu hədəfi seçdik. Terapevtlər və cərrahlar bir olmalı, ortaq işlər ortaya çıxarılmalıdır. Bu istiqamətdə artıq bizim klinikada bir neçə sahədə toplantılar keçirilib. I hepatoloji qrup bu gün artıq nəinki toplanıb, hətta onların seminarları da keçirilib. Keçən il isə İstanbulda seminar keçirilib. II praktoloqlar qrupu da artıq bir neçə seminar təşkil ediblər. III Bariatik cərrahlar və endokrinoloqlar da artıq öz işlərinə başlayıblar və bu işi uğurla davam etdiriləcəkdirlər.
Sonda direktor birləşmələrdə iştirak edən bütün həkimlərə uğurlar diləyərək, belə seminarların davamlı olmasını arzuladığını bildirib.
Daha sonra ATU-nun I cərrahi xəstəliklər kafedrasının dosenti, cərrah-endokrinoloq Abbas Abbasov çıxış edərək seminarın mahiyyətindən danışıb: "Seminar ilk olaraq bir-birimizi daha yaxından tanımaq, kollektiv şəklində çalışmaq üçündür".
Tədbirin davamında müxtəlif mühazirələr dinlənilib. Mühazirələr "Endemik ura endokrinoloqun baxışı" (III daxili xəstəliklər kafedrasının ass.həkim-endokrinoloq Könül İsmayılova), "Düyünlü urda İncə İynə Aspirasion Biopsiyanın əhəmiyyəti" (I cərrahi xəstəliklər kafedrasının t.ü.f.d. cərrah-endokrinoloq Azər Hümmətov), "Qalxanabənzər vəzi düyünü sitoloji müayinə rəyinin həkim taktikası seçilməsində əhəmiyyəti: müasir standartlar" (Mərkəzi Kömrük Hospitalı, patohistoloq İlqar Həsənov), "Düyünlü ura cərrahın baxışı" (I cərrahi xəstəliklər kafedrasının dosenti, cərrah-endokrinoloq Abbas Abbasov) mövzularını əhatə edib.