
Akademik mobillik proqramı çərçivəsində Qazaxıstan Respublikasının Karaqanda Tibb Universitetinin V kurs tələbələri Azərbaycan Tibb Universitetinin (ATU) II Uşaq xəstəlikləri kafedrasında təcrübə mübadiləsinə cəlb olunublar. Proqramın əsas məqsədi tələbələrin nəzəri biliklərinin klinik mühitdə möhkəmləndirilməsi, praktik bacarıqlarının artırılması və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsidir.
Təcrübə müddətində tələbələr kafedranın professor-müəllim heyətinin rəhbərliyi altında tədris proqramına uyğun olaraq klinik məşğələlərdə, praktik dərslərdə və müzakirələrdə iştirak ediblər. Praktik məşğələlər zamanı uşaq xəstəliklərinin diaqnostikası və müalicəsində müasir yanaşmalar, klinik halların təhlili, həkim–pasiyent münasibətləri və multidissiplinar yanaşmalar barədə ətraflı məlumat verilib.
Eyni zamanda tələbələrlə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb, nəzəri biliklərin praktik yanaşma bacarıqlarına çevrilməsi istiqamətində praktiki tapşırıqlar icra olunub. Bu proses tələbələrin klinik düşünmə, qərarvermə və komanda ilə işləmə bacarıqlarının inkişafına töhfə verib.