

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının təsisçiliyi ilə 2024-cü ildən nəşr edilən “İctimai sağlamlıq” jurnalının 2025-ci il üzrə 2-ci sayı işıq üzü görüb. 2025-ci ildən etibarən jurnalın rəsmi internet saytı (publichealth.az) istifadəyə verilib. Sayt dövri elmi nəşrlər üçün qəbul olunmuş konsepsiyaya uyğun şəkildə tərtib olunaraq “Jurnal haqqında”, “Arxiv”, “Redaksiya heyəti” və “Müəlliflərin nəzərinə” bölmələrini əhatə edir.
Cari ildən etibarən “İctimai sağlamlıq” jurnalı elmi nəşrlər üçün müəyyən edilmiş müasir tələblərə uyğun olaraq ISSN 3105-7012 və E-ISSN 3105-7020 beynəlxalq identifikasiya kodları ilə təmin olunub. Jurnal eyni zamanda DOI (Digital Object Identifier) sisteminə daxil edilərək 10.33864/3105-7020 identifikatorunu əldə edib. 2025-ci ilin 1-ci sayında dərc olunmuş bütün məqalələr də ayrıca DOI kodları ilə təmin edilib.
Qeyd edək ki, DOI identifikatoru elmi məqalələrin internet üzərindən daimi əlçatanlığını təmin etməklə yanaşı, Scopus, Web of Science, PubMed kimi nüfuzlu elmi bazalarda tanınmasını asanlaşdırır, beynəlxalq sitat formatlarında istifadəsini mümkün edir və müəlliflik hüquqlarının qorunmasına töhfə verir. Jurnalın əsas məqsədi bibliometriya və elmmetriya prinsiplərinə uyğun, yüksək impakt faktorlu, beynəlxalq reytinqlərdə yer alan və Azərbaycan tibb elmini layiqincə təmsil edən keyfiyyətli elmi dövri nəşr yaratmaqdır.
