Azərbaycanda hamiləliyin gedişi və doğuş zamanı ana və uşaq sağlamlığının qorunması daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olub. Bu məsələ ilə bağlı mütəmadi olaraq araşdırmalar aparılır, yüksək nəticələr əldə edilməsi məqsədilə dövlət və hökumətimizin ən yüksək səviyyələrində belə daim müzakirələr aparılır, konkret addımlar atılır.
Səhiyyə Nazirliyinin 02 fevral 2016-cı il tarixli kollegiyasında müzakirə edilmiş bu aktual məsələlərə həsr edilmiş və kollegiyanın nəticələrinin müzakirəsi və həyata keçirilməsi istiqamətində təşkil olunan tədbirdə bu sahədəki görülən işlərin səviyyəsini yüksəltmək üçün əməli təkliflər səslənib.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında da hamiləlik və doğuş zamanı yaşanacaq problem və mümkün fəsadların aradan qaldırılmasına həsr olunmuş geniş toplantı keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Sabir Əliyev ana və uşaq sağlamlığı ilə bağlı müəyyən problemlərin mövcud olduğunu, bunların inkişafına əvvəlcədən yol verilməməsi və aradan qaldırılması üçün müvafiq tədbirlər görüldüyünü bildirdi. Professor ginekoloqları tibbi göstərişlər olmadan “Qeysəriyyə əməliyyatı”nın aparılmasından çəkinməyi, təbii doğuşa üstünlük verməyə də çağırdı: “Son illər doğuşların böyük hissəsi qeysəriyyə əməliyyatı ilə aparılır. Halbuki, təbii doğuşla dünyaya gələn uşaqlar arasında xəstəliklər də az olur. Şəxsən mən bunun əleyhinəyəm. Həkim yalnız tibbi göstəriş olanda məcburən bu üsulu seçə bilər. Bu da yalnız 10-15 faiz hallarda ola bilər. Mama-ginekoloqlar bu məsələyə diqqət yetirməlidir”.
S.Əliyev ginekoloqların yüksək peşəkarlıq və hazırlıq səviyyəsinə malik olmasının vacib olduğunu söylədi. Professorun sözlərinə görə, doğuşun müsbət nəticələnməsi üçün xəstələrin analizlərinin dəqiq müəyyənləşdirilməsi, doğum tarixlərinin düzgün tərtib edilməsinə nail olmaq lazımdır. Professor ana və uşaq sağlamlığı üçün xəstələrə peşəkar yanaşmanın önəmli olmasından da danışdı.
S.Əliyev vurğuladı ki, Azərbaycanda səhiyyə xidmətlərinin inkişafı, tibb müəssisələrinin yeni avadanlıqlarla təchiz edilməsi, tibb işçiləri tərəfindən müasir texnologiyaların mənimsənilməsi, perinatal mərkəzlərin yaradılması doğuşayardım xidmətlərinin gücləndirilməsi üçün lazımi şərait yaradılıb. O, hazırda Azərbaycan Tibb Universitetində kifayət qədər peşəkar həkim-ginekoloqların fəaliyyət göstərdiyini, lakin bu məsuliyyətli sahədə daim peşəkarlığın artırılmasına nail olmaq lazım olduğunu qeyd etdi.
Sonra Azərbaycan Tibb Universitetinin patoloji anatomiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin doğuşayardım komissiyasının üzvü, professor Ədalət Həsənov çıxış edərək son dövrlərdə respublikada ana ölümləri sahəsindəki durum haqqında məlumat verdi. Məruzəçi öz çıxışında bildirdi ki, son illər respublikada ana və uşaqların mühafizəsi sahəsində, istər antenatal dövrdə, istərsə də perinatal mərkəzlərdə, doğum evlərində və xəstəxanaların doğuş şöbələrində əsaslı təmir işlərinin aparılması, yeni və ən müasir avadanlıq və mal-materiallarla təchizat sahəsində həddən artıq çox işlər görülmüş, respublikanın iri şəhərlərində, ayrı-ayrı regionlarda perinatal mərkəzlər yaradılmış, mama-ginekoloji xidmət yeni və müasir səviyyədə təşkil olunmuş, çox böyük nailiyyətlər əldə edilmiş, ən əsası da respublikada ana və uşaq ölümlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Lakin bütün bunlara baxmayaraq hələ də bu sahədə qarşıya qoyulan məqsədlər tam şəkildə əldə edilməmişdir. Təsadüfi deyildir ki, bir neçə gün əvvəl respublikada ana ölümlərinə həsr edilmiş Səhiyyə Nazirliyinin geniş tərkibdə keçirilən kollegiyasında da Səhiyyə Naziri, professor O.Şirəliyevin rəhbərliyi ilə bu məsələ ətraflı şəkildə müzakirə olunmuş, bəzi mama-ginekoloqlarımız, o cümlədən də anestezioloq-reanimatoloq və digər həkim-mütəxəssislər arasında peşəkarlıq səviyyəsinin hələ də lazımi səviyyədə olmaması barədə danışılmış, bu sahədə radikal və sərt tədbirlərin görülməsinə ehtiyac olduğu vurğulanıb.
Onun sözlərinə görə, baş vermiş hər bir letal nəticə və ağırlaşma hadisələri ilə əlaqədar Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən ətraflı araşdırmalar aparılır. Həmçinin qeyd edildi ki, profilaktika, müalicə və diaqnostika sahələrində rast gəlinən bəzi nöqsan və çatışmazlıqlarla yanaşı, hamilə qadınların özlərinin də tibbi yardım üçün gec müraciət etmələri aydınlaşır. Buna baxmayaraq, aidiyyəti tibb müəssisələri məsuliyyəti daha da artırmalı, bu çətin, məsuliyyətli və şərəfli işin təşkili və həyata keçirilməsində xəstələrin özləri də həkimlərə kömək etməlidirlər.
ATU-nun I mamalıq-ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva və ATU-nun II mamalıq-ginekologiya kafedrasının dosenti Səfa Bağırova çıxış edərək ana ölümlərinin baş verməsinin əsas səbəbləri və risk faktorları, onların qarşısının alınması və aradan qaldırılması yolları sahəsində aparmış olduğu elmi-tədqiqat işlərinin nəticələri və praktik fəaliyyəti barədə məlumat verdi.
Toplantının yekununda həmçinin ATU-nun I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri, professor İsfəndiyar İsmayılov; Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Çərkəz Cəfərov; Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Həsənov çıxış edərək ana və uşaq sağlamlığının təmin olunması istiqamətində atılması zəruri olan tədbirlərlə bağlı təkliflərini səsləndirdilər. Məruzəçilərin sözlərinə görə, bu sahədə yaranmış problemlərin baş vermə səbəblərini müəyyənləşdirib aradan qaldırılmasına nail olmaq, belə halların təkrarlanmasına yol verməmək üçün mütəmadi olaraq müzakirələrin aparılmasına ehtiyac var.