
Tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin praktiki bacarıqlarının artırılması məqsədilə Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və tibbi ekologiya kafedrasında İctimai səhiyyə ixtisası üzrə təhsil alan tələbələrlə müzakirə təşkil olunub.
Qeyd edək ki, Azərbaycan Tibb Universiteti ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında 2018-ci ildən əməkdaşlıq müqaviləsi mövcuddur. Həmin müqavilə çərçivəsində İctimai səhiyyə fakültəsinin eyniadlı ixtisasında təhsil alan tələbələr hər il AQTA-nın laboratoriyalarında istehsalat təcrübəsi keçirlər.
Bu ildən etibarən universitetin rektoru, professor Gəray Gəraybəylinin rəsmi razılığı ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri, dosent Qoşqar Təhməzli Qidalanma və tibbi ekologiya kafedrasında “Qidalanma və qida siyasəti” və “Nutrisiologiya” fənlərindən mühazirələr oxuyur. Onun mühazirələri tələbələr tərəfindən böyük maraqla qarşılanır.
2025-ci ilin payız semestri ərzində dosent Qoşqar Təhməzli tərəfindən AQTA-da tələbələr üçün bir neçə maarifləndirici görüş keçirilmiş, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılmışdır.
Dekabrın 23-də isə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları dərslərin keyfiyyəti və tələbələrin bu sahə üzrə fikirlərini öyrənmək məqsədilə kafedrada İctimai səhiyyə ixtisasında təhsil alan V kurs tələbələri ilə görüş keçirmişlər.
Görüşdə AQTA-nın Dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Tural Əlizadə, Elmi Araşdırmalar Mərkəzinin maarifləndirmə sektorunun eksperti Zeynəbxanım Əliyeva və Qida təhlükəsizliyi şöbəsinin məsləhətçisi Nərmin Abasova iştirak ediblər. Müzakirələr zamanı əmək bazarının tələbləri, eləcə də bacarıqlı tələbələrin gələcəkdə Agentliyin müxtəlif struktur bölmələrində işlə təmin olunma imkanları barədə geniş fikir mübadiləsi aparılıb.