
Azərbaycan Tibb Universiteti (ATU) ilə Qazaxıstan Respublikasının “Əmək Gigiyenası və Peşə Xəstəlikləri Milli Mərkəzi” Qeyri-kommersiya Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu münasibətlə Mərkəzin rəhbərliyi ATU-da olub və universitetin rektoru, professor Gəray Gəraybəyli ilə görüş keçirilib. Görüş zamanı rektor Gəray Gəraybəyli son illər ATU-da beynəlxalq əlaqələrin genişləndirilməsinə, xüsusilə qonşu və qardaş ölkələrin ali təhsil və tibb müəssisələri ilə əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini qeyd edib. O bildirib ki, Azərbaycan və Qazaxıstan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri dövlət səviyyəsində uğurla inkişaf edir.
Rektor, həmçinin ATU-nun üç tədris proqramının Qazaxıstan Respublikasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi (IAAR) tərəfindən tanındığını diqqətə çatdırıb. Professor Gəray Gəraybəyli Qazaxıstana işgüzar səfərləri çərçivəsində əldə olunan təcrübədən, eləcə də bu ölkənin tibb və elm sahəsindəki nailiyyətlərindən bəhs edib, ATU-da tədris olunan ixtisaslar, təhsil pillələri və son illərdə tətbiq edilən yeniliklər barədə məlumat verib.
“Əmək Gigiyenası və Peşə Xəstəlikləri Milli Mərkəzi”nin İdarə Heyətinin direktoru, tibb elmləri doktoru, professor Yertay Otarov rəhbərlik etdiyi qurumun fəaliyyəti və Qazaxıstanda tibb təhsili sahəsində həyata keçirilən innovasiyalar haqqında ətraflı məlumat verib. O, imzalanan memorandumun hər iki qurum üçün faydalı və perspektivli əməkdaşlığa zəmin yaradacağını vurğulayıb.
Görüşün sonunda ATU-nun rektoru, professor Gəray Gəraybəyli və Mərkəzin direktoru, professor Yertay Otarov arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Günel Aslanova, həmçinin Mərkəzin direktorunun elm üzrə müavini Aleksey Alekseyev iştirak ediblər.