
20 Yanvar hadisələrinin 36-cı ildönümü münasibətilə Azərbaycan Tibb Universitetində anım tədbiri keçirilib. Mərasimdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli 1990-cı ilin 20 Yanvar gününün Azərbaycanın müasir tarixinə ən faciəli və ən şərəfli səhifələrdən biri kimi daxil olduğunu qeyd edib: “Azərbaycan xalqının tarixində elə hadisələr var ki, milli yaddaşımızda daim qalacaq. Bu tarixlərdən biri də məhz 20 Yanvardır. Bu tarix milli müstəqillik, xalqımızın azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib. Çünki məhz belə hadisələr insanların milli şüurunu dəyişdirir. Həmin gecə televiziya işləməsə də, insanlar daxili çağırışla küçələrə çıxmışdılar. 20 Yanvar şəhidlərinin dəfn günü milli şüurumuzun dəyişmə nöqtəsi idi”.
Hər il 20 Yanvar şəhidlərinin xatirəsinidərin hüznlə yad etdiyimizi deyən rektor hazırda fərqli əhvalda olduğumuzu da vurğulayıb: “Çünki artıq şəhidlərimizin qanı yerdə qalmayıb. Biz 20 Yanvar faciəsinə Qarabağ prosesindən kənarda yanaşa bilmərik. Məhz bu kontekstdən deyə bilərik ki, müstəqillik uğrunda şəhid olan qəhrəmanların qanı yerdə qalmadı. Bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı böyük və əzmkar xalqdır.
Professor Gəray Gəraybəyli bu gün gənclərimizin Azərbaycanın hansı sınaqlardan keçərək müstəqil dövlətə çevrildiyini bilməsinin son dərəcə vacibliyinə də diqqət çəkib. Qeyd edib ki, bugünkü sabitlik və beynəlxalq nüfuz asanlıqla əldə edilməyib, bunun arxasında şəhidlərin qanı və xalqın iradəsi dayanır: “Ümumiyyətlə, mən hər zaman onun təşəbbüskarıyam ki, belə tədbirlərdə daha çox gənclər iştirak etsin. Məhz gənclərin Azərbaycanın son 30-ildən artıq bir müddətdə keçdiyi tarixi hadisələri bilməsi çox vacibdır. Bugünkü reallığı görəndə, sizə elə gələ bilər ki, hər zaman elə belə olub. Əslində isə Azərbaycan xalqı bu günə qədər ağır sınaqlardan keçib. Ulu Öndərimiz Heydər Əliyevin siyasətini uğurlu davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfərindən sonra Azərbaycan bütün dünyada müstəqilliyini müdafiə edən və son 200 ildə ilk dəfə itirilmiş torpaqlarımızı hərbi güclə qaytara bilən bir ölkə kimi tanındı”.
Rektorun çıxışından sonra 20 Yanvar hadisələrinə dair videoçarx nümayiş etdirilib.
Bundan sonra çıxış edən Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev 20 Yanvarı xalqımızın həm kədər, həm də şərəf salnaməsi adlandırıb. Onun sözlərinə görə, həmin gecə Azərbaycan xalqı milli azadlıq ruhunun sarsılmaz olduğunu sübut etdi. O, Ulu Öndər Heydər Əliyevin Moskvada etdiyi tarixi çıxışı xatırladaraq, bu addımın xalqın haqq səsini dünyaya çatdırmaq baxımından böyük siyasi cəsarət nümunəsi olduğunu bildirib.
İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev xalqımıza qarşı yönələn bu dəhşətli cinayətin, eyni zamanda tarixi yaddaşımıza dərin hüzn və milli qürur günü kimi həkk olunan Qanlı Yanvar gecəsi öz canlarından keçənlərin heç zaman unudulmayacağını, onların şücaət və qəhrəmanlıqlarının gənclərə və böyüməkdə olan nəsillərə örnək olacağını və şəhidlərin əziz xatirəsinin daim xatırlanacağını deyib.
Anım tədbirində çıxış edən II Müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Nigar Babayeva bildirib ki, bugünkü Azərbaycan gəncliyi şəhidlərin qanı bahasına əldə olunmuş müstəqilliyi qorumağı və onu dünyaya layiqincə tanıtmağı özünə borc bilməlidir.
20 Yanvar faciəsi göstərdi ki, Azərbaycan xalqı zorakılıq qarşısında geri çəkilən xalq deyil. Bu faciə, əslində, müstəqilliyə aparan yolun başlanğıcı oldu. Həmin gecə tökülən qanlar bu gün dalğalanan üçrəngli bayrağımızın mənəvi təməlindədir.
Zaman keçəcək, nəsillər dəyişəcək. Amma 20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki onlar azadlıq ideyasını canları bahasına qorudular. Və bu ideya artıq müstəqil, güclü və qalib Azərbaycanın dövlət fəlsəfəsinə çevrilib.
20 Yanvar faciəsi Azərbaycan xalqının XX əsrdə yaşadığı ən ağır, eyni zamanda ən şərəfli tarixi sınaqlardan biridir. 1990-cı ilin həmin qanlı gecəsində sovet ordusunun Bakıya yeridilməsi yüzlərlə günahsız insanın həyatına son qoydu. Lakin bu faciə Azərbaycan xalqının azadlıq iradəsini sındıra bilmədi – əksinə, milli mübarizəni daha da gücləndirdi.