
Azərbaycan Tibb Universitetində (ATU) “Tələbə gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov açılış nitqində tədbirin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, universitet rəhbərliyi müxtəlif dövlət qurumları və ictimai birliklərin təşəbbüsü ilə keçirilən maarifləndirici layihələrə daim dəstək göstərir və bu kimi görüşlər tələbələrin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Bildirilib ki, tədbir “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir və əsas məqsəd tələbələr arasında milli kimlik və milli-mənəvi dəyərlərlə bağlı biliklərin artırılmasıdır.
Daha sonra İctimai Birliyin sədri Emin Həsənli çıxış edib. O vurğulayıb ki, güclü dövlət və güclü ordu ilə yanaşı, qələbənin əsas şərtlərindən biri nizam-intizamdır. Onun sözlərinə görə, bu prinsip tibb sahəsində də eyni dərəcədə vacibdir: “Sabah insanların sağlamlığı və həyatı sizin üzərinizdə olacaq. Buna görə də peşənizə sevgi, məsuliyyət və yüksək biliklə yanaşmalısınız”.
E.Həsənli xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlərin uğurlarına da toxunaraq bildirib ki, Almaniya, Türkiyə və digər Avropa ölkələrində çalışan mütəxəssislər ölkəmizi layiqincə təmsil edirlər. O, xüsusilə 15-25 yaş aralığının insan həyatında həlledici mərhələ olduğunu qeyd edərək gənclərə bu dövrdən maksimum faydalanmağı tövsiyə edib.
Sədr çıxışının sonunda vətənpərvərlik tərbiyəsinin əhəmiyyətinə diqqət çəkərək bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı qazanılan qələbə məhz gənclərin yüksək vətənpərvərlik ruhunun nəticəsidir.
Tədbirdə çıxış edən İctimai Birliyin siyasi eksperti Taleh Əliyev isə gənclərin üzərinə düşən məsuliyyətlərdən danışıb. O qeyd edib ki, gənclik dövründə dinamizm və aktivlik təbii olsa da, zaman keçdikcə insan sağlamlığın və həyatın dəyərini daha dərindən anlayır. Ekspert vurğulayıb ki, milli kimliyini unudan cəmiyyətlər ciddi problemlərlə üzləşə bilər.
T.Əliyev bildirib ki, hər bir millətin davamlı inkişafı üçün onun milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi vacibdir. O, sosiallaşma prosesində ailə, məktəb və cəmiyyətin rolunu xüsusi qeyd edib, həmçinin müasir dövrdə sosial şəbəkələrin yaratdığı imkan və risklərə diqqət çəkib.
Görüşdə çıxış edən “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri Seyfəddin Hüseynli isə milli kimlik anlayışının fəlsəfi və ictimai mahiyyətindən bəhs edib. O bildirib ki, qloballaşan dünyada hər bir insan həm milli, həm də bəşəri kimliyin daşıyıcısıdır.
S.Hüseynli qeyd edib ki, milli kimlik dil, mədəniyyət, din və dövlətə mənsubluq kimi amillər əsasında formalaşır. Onun sözlərinə görə, milli-mənəvi dəyərlər zamanın süzgəcindən keçərək formalaşan və bir milləti xarakterizə edən əsas xüsusiyyətlərdir. O, gəncləri xaricdə təhsil və fəaliyyət zamanı milli dəyərləri layiqincə təmsil etməyə çağırıb.
Tədbirin sonunda tələbələrlə açıq dialoq aparılıb, onların sualları təşkilatçılar tərəfindən ətraflı cavablandırılıb. Görüş interaktiv müzakirələrlə yadda qalıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.