Bizi izləyin:
Heydər Əliyev
"Kontrast nefropatiyasına müasir yanaşmalar" mövzusunda elmi seminar keçirilib

"Kontrast nefropatiyasına müasir yanaşmalar" mövzusunda elmi seminar keçirilib

Yanvarın 19-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında rezidentlər üçün “Kontrast nefropatiyasına müasir yanaşmalar” mövzusunda növbəti elmi seminar keçirilib.

ATU-nun Rezidentura və magistratura şöbəsi ilə klinikanın Nefrologiya şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov iştirakçıları salamlayıb. Seminarın başlanğıcında 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra N.Xəlilov rezidentlərin davamiyyəti və davamlı tibbi təhsilin əhəmiyyəti barədə məlumat verərək, mövzunun aktuallığını vurğulayıb. O, radioloji və invaziv radioloji prosedurların sürətli inkişafına rəğmən, kontrast maddələrin istifadəsi nəticəsində yaranan kəskin böyrək zədələnmələrinin və dializə müraciətlərin artdığını diqqətə çatdırıb.

Daha sonra ATU Tədris Terapevtik Klinikasının Nefrologiya şöbəsinin müdiri, professor Aytən Məmmədzadə “Kontrast nefropatiyası” mövzusunda geniş məruzə ilə çıxış edib. Professor həm klinikanın hemodializ şöbəsində, həm də ölkənin aparıcı dializ mərkəzlərinə kontrast maddələrlə bağlı kəskin böyrək zədələnməsi səbəbindən müraciətlərin artdığını bildirib. Məruzə zamanı kontrast nefropatiyasının patogenetik əsasları, müayinədən əvvəl xəstənin klinik vəziyyətinin qiymətləndirilməsi, dializ alan şəxslərə yanaşma prinsipləri, mövcud və yenilənmiş klinik protokollar, risk hesablanma cədvəlləri və müasir müalicə strategiyaları ətraflı izah olunub.  

A.Məmmədzadə həmçinin yerli və beynəlxalq təcrübədə rast gəlinən maraqlı klinik halları (case-ləri) iştirakçılarla bölüşərək, böyrək zədələnməsi olan və olmayan, funksional testlərdə dəyişiklik qeydə alınan və tam sağlam pasiyentlərə yanaşma prinsipləri, eləcə də  hemodializ və konservativ müalicə üsullarından bəhs edib.

Seminarın yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb. Klinikanın baş həkimi Fəridə Hacıyeva, dosent Səbinə Məşədiyeva-Bayramova, assistent Könül İsmayılova və dosent Türkan Kərimova müzakirələrə qatılaraq kontrast nefropatiyasına nefroloqlar və digər ixtisas həkimlərinin yanaşmaları, həmçinin gələcək elmi araşdırmalar barədə fikirlərini bölüşüblər.

Rezidentlərdən İbrahim İbrahimov, Arifşah Quliyev, Sədi Bulud və Mark Simanduyev mövzu ilə bağlı suallar ünvanlayıb və təəssüratlarını bölüşüblər.

Seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Paylaş

Dostlarınız ilə paylaşın.