Bizi izləyin:
Heydər Əliyev
Vətənin keşiyində dayanan xanımlar

Vətənin keşiyində dayanan xanımlar

Hərbi tibb fakültəsinin qız tələbələri oğlanlardan geri qalmadıqlarına əmindir

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsi artıq 26 ildir ki, fəaliyyət göstərir və ölkəmizdə hərbi tibbi kadrların hazırlanması üzrə yeganə ali təhsil müəssisəsi kimi mühüm rol oynayır. Bu illər ərzində minlərlə yüksəkixtisaslı mütəxəssis hazırlanaraq, ölkəmizin güc strukturlarının tibb müəssisələrində xidmətə göndərilib.

Fakültənin davamlı və məqsədyönlü fəaliyyəti, müasir tələblərə uyğun kadr hazırlığı və peşəkar müəllim heyəti gənclər arasında bu ixtisasa marağın ildən-ilə artmasına səbəb olub. Hərbi tibb sahəsi həm tibbi bilik, həm də hərbi intizam tələb etdiyindən, bu fakültəyə daxil olan gənclər gələcək fəaliyyətlərinə böyük məsuliyyətlə yanaşırlar.

Ötən il avqustun 1-də yayımlanan rəsmi elan isə fakültənin tarixində yeni və əlamətdar mərhələnin başlanğıcı oldu. İlk dəfə olaraq fakültəyə qızların da qəbulunun həyata keçiriləcəyi ictimaiyyətə açıqlandı, qadınların hərbi tibb sahəsində iştirakının genişləndirilməsi istiqamətində mühüm addım atıldı. Bu qərar cəmiyyət tərəfindən böyük maraqla qarşılandı və qəbul zamanı nəticələr gözləniləndən də yüksək oldu. Çoxsaylı xanım abituriyent hərbi tibb ixtisasını seçərək sənədlərini təqdim etdi və müsabiqədən uğurla keçərək tələbə adını qazandı.

Hazırda I kursda təhsil alan qız tələbələrin fikirlərini, eləcə də bu sahəyə olan maraqlarını öyrənmək məqsədilə onlarla həmsöhbət olduq.

625A-1b qrupunun tələbəsi Asiman Qasımova qəbul imtahanında 626,5 bal toplayıb. Universitetdə keçirilən sessiya imtahanlarında da yüksək nəticələr göstərir.

Bildirir ki, Dövlət İmtahan Mərkəzi nəticələri açıqladıqdan sonra Hərbi tibb fakültəsinə qızların da qəbul olunduğunu öyrənib. Daha sonra yuxarı kurs tələbələri ilə məsləhətləşərək fakültə haqqında ətraflı araşdırmalar aparıb və bunun məhz xəyal etdiyi ixtisas olduğunu anlayaraq yekun qərarını verib: “Bu fakültəyə öz istəyimlə daxil olmuşam və hesab edirəm ki, bu, çox şərəfli bir peşədir. Hər hansı ciddi çətinliklə üzləşəcəyimi düşünmürəm, çünki xanımlar mənəvi və psixoloji baxımdan dözümlüdürlər. Çətin vəziyyətlərdə həm düzgün qərar verə, həm də yaranan çətinliklərə tab gətirə bilərlər. Həkimlik isə cinsindən asılı olmayaraq hər kəs üçün şərəfli bir peşədir”.

625A-1a qrupunun tələbəsi Tükəzban Zalova 667,6 balla fakültəyə daxil olub və sessiya imtahanlarında yüksək göstəricilərlə fərqlənir.

O bu ixtisasa marağının əsas səbəblərindən birini atasının hərbçi olması ilə əlaqələndirir. Ailəsində hərbi sahəyə, vətənpərvərliyə xüsusi önəm verildiyini vurğulayan Tükəzban, bu dəyərlərin onun seçimində mühüm rol oynadığını bildirir: “Hərbi sahəni yaxından araşdırdıqca, bu peşəyə olan heyranlığım artdı. Azərbaycan tarixində Tomris, Natəvan, Sara Xatun kimi qadın simalar var və biz onların nəslindən gəlirik. Hərbçi olmaq qadınlar üçün niyə tərəddüd doğurmalıdır? Əksinə, bu sahəni tanıdıqca marağımız daha da artır”.

Tükəzban qeyd edir ki, hərbi tibb iki müqəddəs peşəni - həm həkimliyi, həm də hərbçiliyi özündə birləşdirir. Onun fikrincə, fiziki güc baxımından kişilər üstün görünə bilər, lakin emosional dözümlülük və çətin anlarda ani qərarvermə baxımından qadınlar heç də geri qalmır.

625A-4a qrupunun tələbəsi Nurtac Məmmədova qəbul imtahanında 582,5 bal toplayıb. Deyir ki, hərbi sahəyə marağı uşaqlıqdan formalaşıb. Əvvəllər polis olmağı planlaşdırsa da, bu mümkün olmadıqdan sonra hərbi tibb ixtisasını seçib və seçimindən qürur duyur: “Vətən bizi cinsə bölmədiyi üçün onu qorumaqda da cins bölgüsü görmürəm. Biz iki müqəddəs peşəni birləşdiririk - həm həkimik, həm də hərbçi. İnsanlara həyat bəxş edir, eyni zamanda vətəni müdafiə edirik. Çətin anlarda isə özümüzü toparlamağı bacaracağımıza tam əminəm”.

625A-5a qrupunun tələbəsi Qamze Keçeli qəbul imtahanında 594 bal toplayıb və həmçinin universitetdə keçirilən sessiya imtahanlarında da yüksək nəticələr göstərir. Həkim olmaq uşaqlıqdan onun ən böyük arzusu olub. Atası vaxtilə hərbçi olmaq istəsə də, buna nail ola bilməyib. Qamze hərbi tibb seçiminin onun üçün xüsusi məna daşıdığını vurğulayır: “Həm uşaqlıqdan həkim olmaq arzumu, həm də atamın hərbçi olmaq arzusunu reallaşdırıram”.

625A-4b qrupunun tələbəsi Səkinə Nağıyeva da yüksək balla – 584,8 balla fakültəyə qəbul olunub və hazırda da yaxşı nəticələrlə fərqlənir. Bildirir ki, 11-ci sinifdən etibarən ixtisas seçimi üzərində düşünməyə başlayıb. Əslində müalicə-profilaktika ixtisasını seçmək istəsə də, əmisinin tövsiyəsi ilə hərbi tibbə yönəlib: “Razılaşdım və qəbul olundum. Seçimimdən qətiyyən peşman deyiləm”.

Tələbə qızların hər biri gələcəkdə fəaliyyətlərini seçdikləri ixtisas üzrə - hərbi tibb sahəsində davam etdirmək niyyətində olduqlarını bildirir. Onlar bu yolu seçmək istəyən qızlara tərəddüd etməməyi, öz arzularına inanmağı və qərarlarında qətiyyətli olmağı tövsiyə edirlər. Çünki bu seçim yalnız peşə deyil, eyni zamanda vətənə xidmət missiyasıdır.

Onların fikrincə, “hərbi peşə çətindir” və ya “əsasən oğlanlara aiddir” kimi yanaşmalar reallığı əks etdirmir. Əsas meyarlar peşəyə maraq, məsuliyyət hissi və bu sahədə çalışmağa hazır olmaqdır. Qızlar öz ailələrinin tam dəstəyini də xüsusi vurğuladılar.

Sonda isə demək olar ki, Hərbi tibb fakültəsində qızların təhsil alması sadəcə bir yenilik deyil, gələcəyə yönəlmiş mühüm və strateji addımdır. Bu gün auditoriyalarda bilik qazanan bu gənc xanımlar sabah həm peşəkar həkim, həm də Vətənə sadiq hərbi tibb mütəxəssisi kimi Azərbaycan Silahlı Qüvvələrinin inkişafına layiqli töhfələr verəcəklər.

Paylaş

Dostlarınız ilə paylaşın.