Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Əsaslı Kitabxanası: 24 saatlıq iş rejimi və oxucu məmnuniyyəti

ATU-nun Əsaslı Kitabxanası: 24 saatlıq iş rejimi və oxucu məmnuniyyəti

Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanası universitetin elmi-tədris mühitində mühüm rol oynayan əsas struktur bölmələrdən biridir

 Kitabxananın fəaliyyəti, oxuculara göstərilən xidmətlər və yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə kitabxananın rəhbərliyi və tələbələrlə həmsöhbət olduq.

Müasir dövrdə dünyada yüksək elmi-texniki biliklərə malik kadrların hazırlanması, gənclərin intellektual səviyyəsinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Azərbaycan səhiyyə elmi də bu gün dünya miqyasında inkişaf yolundadır. ATU-nun beynəlxalq nüfuzunun ildən-ilə artmasının bariz göstəricilərindən biri də universitetdə təhsil alan xarici tələbələrin sayının davamlı şəkildə çoxalmasıdır.

Bu prosesdə kitabxana xidməti sistemi özünəməxsus rol oynayır. Kitabxana yalnız kitab saxlanılan məkan deyil, elm, təhsil, mədəniyyət, sosial və intellektual inkişaf proseslərinə fəal təsir göstərən mühüm sosial institutdur. Son illər ölkəmizdə kitabxanalara göstərilən dövlət qayğısı bu sahədə ciddi nailiyyətlərin əldə olunmasına şərait yaradıb. Müasir kitabxanalar artıq ənənəvi formada deyil, həm də zəngin elektron arxiv və informasiya mərkəzi kimi fəaliyyət göstərir.

Kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə cavab verən proqram təminatlarının tətbiqi istiqamətində mühüm addımlar atılır. Bu baxımdan Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanası respublikamızın ali məktəb kitabxanaları arasında əsas göstəricilərə görə qabaqcıl mövqedədir.

Hazırda mövcud beynəlxalq elektron nəşrlərin oxuculara təqdim olunması uğurla həyata keçirilir. Oxucular EBSCOhost.com beynəlxalq elektron nəşriyyatının, eləcə də digər xarici elektron bazaların resurslarından açıq şəkildə istifadə etmək imkanına malikdirlər. Bundan əlavə, ATU-nun 5 tədris korpusu və 4 klinikasında da bu xidmətlərdən yararlanmaq mümkündür.

Əsaslı Kitabxananın direktoru Ziyafət Eminova bildirir ki, oxucuların, xüsusilə tələbələrin çoxsaylı müraciətləri nəzərə alınaraq, universitetin rektoru, professor Gəray Gəraybəyli tərəfindən kitabxananın iş rejiminin genişləndirilməsi ilə bağlı müvafiq göstəriş verilib. Onun sözlərinə görə, 2022-ci ilin may ayından etibarən Əsaslı Kitabxana həftənin 1, 3 və 5-ci günləri 24 saat, 2 və 4-cü günlər saat 09:00-dan 21:00-dək, şənbə günləri isə 09:00-dan 20:00-dək oxuculara xidmət göstərir. Bu iş rejimi tələbələrin dərsə hazırlıq və müstəqil oxu ehtiyaclarının qarşılanmasında mühüm rol oynayır.

Direktorun verdiyi məlumata görə, 2024-cü ildən Əsaslı Kitabxanada müasir tələblərə cavab verən yeni kitabxana sisteminin yaradılması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə oxu zallarında tələbələr üçün simsiz internet şəbəkəsinin qurulması layihəsi həyata keçirilib. Hazırda tətbiq olunan Kitabxana İdarəetmə Sistemi (library.amu.az) beynəlxalq kitabxana standartlarına uyğun şəkildə təkmilləşdirilir və tələbə-müəllim heyətinin informasiya resurslarına çıxışını xeyli asanlaşdırır. Yeni yaradılacaq sistem kitabxanada aparılan işlərin səmərəliliyini artırmaqla yanaşı, fondun etibarlı mühafizəsini və geniş oxucu kontingenti tərəfindən daha effektiv istifadəsini təmin edəcək.

Hazırda kitabxana fondu 633 993 nüsxə ədəbiyyatdan ibarətdir və 13 608 oxucuya xidmət göstərir. Onların 11 202 nəfəri tələbələrdir. Universitet rəhbərliyi tədris prosesinin keyfiyyətli təşkili üçün tələbələri bütün fənlər üzrə zəruri ədəbiyyatla təmin edir. 2025-ci ildə də tələbələrin ən çox ehtiyac duyduğu dərsliklər universitetin öz vəsaiti hesabına yenidən çap olunaraq kitabxanaya təqdim edilib ki, bu da fondun daha da zənginləşməsinə səbəb olub.

Z.Eminova, həmçinin kitabxanada çalışan nəzarətçilərin fəaliyyətinə toxunaraq, gecə növbəsində bölmə müdiri Aygün Cavadova və kitabxanaçılar Sədaqət Qurbanova ilə Dürdanə İsmayılovadan ibarət üç nəzarətçinin olduğunu nəzərə çatdırıb.

Bölmə müdiri A.Cavadova bildirir ki, kitabxanaya müraciət edənlərin böyük əksəriyyəti tələbələrdir. Onlar kitabxanadan, əsasən dərs hazırlığı və imtahanlara hazırlaşmaq məqsədilə istifadə edirlər. Eyni zamanda, kitabxananın imkanlarından məzunlar da yararlanır. Onlara universitet rəhbərliyinin icazəsi ilə  kitabxanadan günün istənilən vaxtında - həm gündüz, həm də gecə saatlarında istifadə etmək imkanı yaradılıb. Xüsusilə işləyən və ailəli olan məzunlar üçün bu şərait böyük rahatlıq hesab olunur.

A.Cavadovanın sözlərinə görə, tələbələrin ən çox müraciət etdiyi kitablar və elektron resurslar tədris proqramına uyğun olaraq dəyişir. İmtahan sessiyası dövründə hansı fənn üzrə imtahan keçirilirsə, həmin fənnə aid dərslik və vəsaitlərə tələbat xeyli artır. Bəzi hallarda tələbələr qruplar halında kitabxanaya müraciət edir və eyni dərsliyə bir neçə oxucunun ehtiyac duyması müşahidə olunur ki, bu da imtahan dövrlərində oxu intensivliyinin artdığını göstərir.

Oxucuların kitabxana qaydalarına münasibəti ümumilikdə müsbət qiymətləndirilir. Tələbələr, o cümlədən xarici ölkələrdən olan oxucular mədəni davranış nümayiş etdirir, sakitliyə və ümumi qaydalara riayət edirlər. Kitabxanada rəsmi və soyuq münasibət deyil, daha çox səmimi və ailəvi mühit hökm sürür. Oxuculara anlayışla yanaşılır, onların rahatlığı üçün əlavə şərait yaradılır.

Direktor da təsdiq edir ki, kollektiv tələbələrin bütün müraciətlərinə həssaslıqla yanaşır, ehtiyac duyulan ədəbiyyatın operativ şəkildə təqdim olunmasına çalışır və oxuculara mümkün olan hər cür dəstəyi göstərir. O, kitabxana əməkdaşlarının məsuliyyətli fəaliyyəti, peşəkarlığı və oxucularla davranışından razı olduğunu qeyd edərək, formalaşmış bu komanda işinin kitabxananın səmərəli fəaliyyətində mühüm rol oynadığını vurğulayır.

Kitabxananın tələbələr üçün nə dərəcədə faydalı olduğunu müəyyənləşdirmək məqsədilə onların da fikirlərini öyrəndik.

II MPF, 223A-3b qrup tələbəsi Yeganə Babayeva kitabxanada yaradılan şəraitə görə tələbələr adından təşəkkür etmək istədiyini bildirdi: “7/24 iş rejimi bizim üçün çox böyük üstünlükdür. Kitabxana əməkdaşlarının diqqətindən və köməyindən razıyıq. Lakin imtahan dövründə oxu zallarının sayının azlığı müəyyən çətinliklər yaradır”.

II MPF, III kurs tələbəsi Samir Səfərov isə kitabxanada sakitlik və təmizliyin təmin olunduğunu, istilik şəraitinin normal olduğunu söylədi. O, bəzi texniki məsələlərə də toxunaraq oxu masalarında elektrik xətlərinin quraşdırılması və oxu zallarının sayının artırılmasının arzuolunan olduğunu qeyd etdi.

I MPF, 120A-8b qrup tələbəsi Əzizə Əliyeva oxu zallarında sakitliyə riayət olunmasını müsbət hal kimi qiymətləndirir: “6-cı kursa qədər oxu zalından daim istifadə etmişəm. Yaradılan şəraitdən və əməkdaşların münasibətindən çox razıyam. Masaların sayı artırılsa, daha da yaxşı olar”.

I MPF, 125İ-2b qrup tələbəsi Sabrina Berta dərslərdən sonra vaxtının böyük hissəsini kitabxanada keçirdiyini bildirərək göstərilən xidmətdən razılığını diqqətə çatdırdı və kitabxana əməkdaşlarına təşəkkür etdi.

I MPF, 121A-3a qrup tələbəsi Aytən Beybutova kitabxananın gecə saatlarında da fəaliyyət göstərməsini xüsusilə yüksək qiymətləndirir: “Həm gündəlik dərs hazırlığında, həm də imtahan sessiyası ərəfəsində kitabxananın xidmətindən mütəmadi istifadə edirəm və göstərilən xidmətdən tam razıyam”.

I MPF, 120A-8b qrup tələbəsi Səidə Ağamirova isə oxu zalının ona daha planlı və səmərəli çalışma imkanı yaratdığını deyir: “Səhər tezdən gəlib gec saatlara qədər burada olmaq rezidentura imtahanına hazırlaşmağımı xeyli asanlaşdırır. Kitabxanaya gəlmək artıq mənim üçün xoş bir vərdişə çevrilib”.

Beləliklə, Əsaslı Kitabxanada ardıcıl həyata keçirilən yeniliklər və tətbiq olunan müasir texnologiyalar onun fəaliyyətini daim təkmilləşdirir. Bu yanaşma kitabxananı yalnız informasiya məkanı deyil, eyni zamanda universitetin elmi potensialını gücləndirən strateji mərkəzə çevirmək amalına xidmət edir.

 

Paylaş

Dostlarınız ilə paylaşın.