

Əhalinin müxtəlif təbəqələri üçün stomatoloji xidmətlərin əlçatanlığının artırılması və uşaqlar arasında ağız-diş sağlamlığı ilə bağlı maarifləndirmənin gücləndirilməsi məqsədilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikası tərəfindən təşkil olunan səyyar tibbi aksiyalar davam edir.
Növbəti səyyar stomatoloji aksiya Evrika Montessori Kids Academy-də uğurla həyata keçirilib. Aksiya çərçivəsində ATU Tədris Stomatoloji Klinikasının həkim kollektivi və rezidentlərinin iştirakı ilə uşaqların ilkin stomatoloji müayinələri aparılıb.
Müayinələr zamanı uşaqlarda kariyes, diş əti və ortodontik problemlərin erkən mərhələdə aşkarlanmasına xüsusi diqqət yetirilib, zəruri hallarla bağlı ilkin istiqamətlər müəyyən olunub. Eyni zamanda valideynlərə uşaqların ağız-diş sağlamlığı ilə bağlı fərdi tövsiyələr verilib, düzgün ağız gigiyenası vərdişləri barədə maarifləndirici söhbətlər aparılıb.
ATU Tədris Stomatoloji Klinikası gənc nəslin sağlam gələcəyinin təmin olunması məqsədilə bu kimi sosial və maarifləndirici layihələrin gələcəkdə də davam etdirilməsini planlaşdırır.
