.jpg)
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Klinik- diaqnostik laboratoriya və Rezidentura və magistratura şöbəsinin birgə təşkilatçılığı ilə rezidentlər üçün “Qadın və kişi urogenital sisteminin normal və patoloji florası: mikrobioloji diaqnostikaya müasir yanaşma” mövzusunda növbəti elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov bildirib ki, seminarın əsas məqsədi rezidentlər və gənc mütəxəssislər üçün normal flora ilə patoloji dəyişiklikləri ayırd etmə bacarıqlarının gücləndirilməsi, klinik hallara laborator nəticələr prizmasından düzgün yanaşmanın formalaşdırılması və sübutlara əsaslanan diaqnostik qərarların əhəmiyyətinin izah edilməsidir.
N.Xəlilov urogenital sistemin normal florasının əsasən turş mühit yaradaraq patogenlərdən qoruyan Lactobacillus (Döderlein çöpləri) cinsindən ibarət olduğunu, patoloji floranın isə Gardnerella vaginalis, Candida növləri, Trichomonas vaginalis, eləcə də zöhrəvi infeksiyalar (xlamidiya, qonokokk və s.) ilə xarakterizə olunduğunu və disbakteriozla iltihabi proseslərə səbəb olduğunu diqqətə çatdırıb.
Daha sonra adıçəkilən laboratoriyanın müdiri, həkim-mikrobioloq Leyla Həşimova geniş məruzə ilə çıxış edib. Məruzə zamanı qadın və kişi urogenital sisteminin normal mikroflorası, floranın yaş və hormonal statusdan asılı olaraq dinamik dəyişiklikləri, kolonizasiya və infeksiya anlayışları arasındakı fərqlər, həmçinin bakterial vaginoz, vulvovaginal kandidoz və trixomoniaz kimi ən çox rast gəlinən patologiyaların mikrobioloji xüsusiyyətləri ətraflı izah olunub.
Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cinsi yolla yoluxan infeksiyalarla bağlı aktual statistik məlumatları təqdim olunub, müasir laborator diaqnostika üsulları - Qram boyalı preparat, Nugent skorlaması, nativ mikroskopiya, kultivasiya və NAAT (PCR) metodlarının klinik əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində laboratoriyada aparılmış retrospektiv tədqiqatın nəticələri də iştirakçılara təqdim olunub. Belə ki, 1075 qadından götürülmüş nümunələrin təhlili nəticəsində Candida spp. - 24,1%, Gardnerella vaginalis - 11,5%, Trichomonas vaginalisin - 0,65% hallarda aşkar edildiyi bildirilib.
Seminarın müzakirə hissəsində II Mamalıq və ginekologiya kafedrasının dosenti Səfa Bağırova, tibb üzrə fəlsəfə doktorları Pərvanə Əliyeva və Lamiyə Ağakişiyeva çıxış edərək klinik təcrübədə rast gəlinən hallar, fərqli yanaşmalar və gələcək elmi araşdırmalar barədə fikirlərini bölüşüblər. İnteraktiv formatda davam edən seminarda rezidentlər üçün xüsusi hazırlanmış klinik hallar və ssenarilər vasitəsilə laborator göstəricilərin interpretasiyası və müalicəyə təsir edən əsas amillər təhlil olunub.
Seminar Tədris Cərrahiyyə Klinikasının həkim-rezidentlərinin iştirakı ilə keçirilib.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.