Bizi izləyin:
Heydər Əliyev
Qış imtahan sessiyası: şəffaflıq təmin olunur

Qış imtahan sessiyası: şəffaflıq təmin olunur

Cari imtahan sessiyasında mikroqurğudan istifadə faktı qeydə alınıb

Azərbaycan Tibb Universitetində (ATU) 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası uğurla davam edir. İmtahan prosesinin gedişi ilə tanış olmaq məqsədilə İnformasiya Texnologiyaları Departamentinin İmtahan şöbəsində olduq, imtahan zallarını izlədik, məsul şəxslər, nəzarətçilər və tələbələrlə söhbətləşdik.

Şöbənin müdiri Cəmilə Quliyeva bildirdi ki, qış imtahan sessiyası əvvəlcədən təsdiqlənmiş cədvələ uyğun şəkildə təşkil olunub və proses tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, qiymətləndirmə prosesinin şəffaf və ədalətli aparılmasında İmtahan şöbəsinin rolu xüsusi əhəmiyyət daşıyır: “Şöbənin səmərəli fəaliyyəti burada çalışan əməkdaşların peşəkarlığı, məsuliyyəti və yüksək təşkilatçılıq bacarıqları ilə birbaşa bağlıdır”.

C.Quliyeva qeyd etdi ki, şöbənin əməkdaşları imtahanların hazırlanması, keçirilməsi və nəticələrin təhlili mərhələlərində mühüm funksiyalar yerinə yetirirlər. Xüsusilə test suallarının yoxlanılması və ekspertizadan keçirilməsi prosesində mütəxəssislər sualların tədris proqramlarına uyğunluğuna ciddi nəzarət edirlər. Onun fikrincə, bu yanaşma imtahanların yüksək səviyyədə təşkilinə və ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Nəzarət qrupunun rəhbəri Ziyadxan Abdullayev isə imtahan prosesinə nəzarət mexanizmləri və aşkarlanan qayda pozuntuları barədə məlumat verdi. Bildirdi ki, cari imtahan sessiyasında mikroqurğudan istifadə faktı qeydə alınıb: “Qurğu qulaq daxilinə yerləşdirildiyi üçün ilkin vizual yoxlama zamanı aşkarlanmamışdı. Lakin nəzarətçilərin ayıq-sayıqlığı nəticəsində fakt müəyyən olundu, təqdimat yazıldı, tələbənin cavabları sıfırlandı və o, imtahandan kənarlaşdırıldı”.

Onun sözlərinə görə, hansısa şübhə yarandıqda əlavə yoxlamalar aparılır, imtahan başa çatdıqdan sonra videogörüntülər yenidən izlənilir. Qayda pozuntusu təsdiqlənərsə, tələbənin imtahan nəticəsi ləğv edilir və barəsində rəsmi təqdimat hazırlanır. Z.Abdullayev əlavə etdi ki, imtahanlarda nəzarətçi heyəti kifayət qədər genişdir: yuxarı zallarda 5, aşağı zallarda isə 8 nəzarətçi fəaliyyət göstərir. Ümumilikdə hər gün 13 nəzarətçi növbəli şəkildə çalışır. İmtahanlar səhər saat 8-dən başlayaraq günorta və axşam növbələri ilə, bəzi hallarda saat 19:30-a qədər davam edir.

Nəzarətçi Vəfa Həsənova da imtahan prosesinin normal və qaydalara uyğun keçdiyini bildirdi. O, növbədə olduğu müddətdə hər hansı qayda pozuntusunun qeydə alınmadığını diqqətə çatdırdı.

Həmsöhbət olduğumuz tələbələr imtahanların təşkili ilə bağlı müsbət fikirlər səsləndirdilər. I MPF IV kurs tələbəsi Mahsa Palar “Oftalmologiya” fənnindən imtahandan çıxırdı: “İmtahan olduqca uğurlu keçdi. Suallar aydın, məzmunlu və keçilən mövzulara tam uyğun idi. Bu da biliklərimizin obyektiv qiymətləndirilməsinə imkan verdi. İmtahan prosesi rahat və şəffaf şəraitdə təşkil olunmuşdu, heç bir texniki problemlə qarşılaşmadıq”.

Eyni fəndən imtahan verən tələbə yoldaşı Qiyas Vəliyev də yaradılan şəraitdən razılığını ifadə etdi.

I MPF V kurs tələbəsi Fatimə İsmayıllı isə “Allerqologiya və immunologiya” fənnindən imtahan verdiyini deyərək sualların keçirilən dərslərə uyğun tərtib olunduğunu və imtahan prosesində şəffaflığın təmin edildiyini bildirdi.

İmtahan zallarına qanunsuz yolla texniki qurğuların keçirilməsinin qarşısının alınmasında mühafizəçilərin də rolu böyükdür. Mühafizəçilər Talıb Hacızadə və Simuzər Salahova imtahan zalına daxil olan tələbələrin üzərində yoxlanış aparır, telefon, qol saatı və digər qadağan olunmuş vasitələrin içəri keçirilməsinə imkan vermirlər.

İmtahanların şəffaf keçirilməsinə xidmət edən daha bir mərhələ Apellyasiya Komissiyası ilə bağlıdır. Komissiyanın sədr müavini Gülnarə Vahabova bildirdi ki, imtahan nəticələri ilə bağlı narazılığı olan tələbələr rəsmi qaydada komissiyaya müraciət yazırlar. Hər bir müraciət diqqətlə araşdırılır, cavablar təhlil olunur və zərurət olduqda qiymətlərə düzəliş edilir: “Əvvəlki illərlə müqayisədə şikayətlərin sayı azalıb və daxil olan müraciətlərin böyük əksəriyyəti əsassız sayılır. Lakin tələbənin iddiası sübuta yetirilərsə, onun qiyməti bərpa olunur”.

G.Vahabova onu da qeyd etdi ki, bəzən imtahan suallarının mövzuya uyğun olmaması və ya proqramda keçilməyən mövzuların testlərə salınması kimi hallara rast gəlinir. Gələcəkdə bu cür nöqsanların aradan qaldırılması üçün müvafiq kafedralar tərəfindən lazımi tədbirlər görülməlidir.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.