İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.
Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda növbəti belə tədbir fevralın 23-də Azərbaycan Tibb Universitetində keçirilib. Ali təhsil müəssisəsinin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə məqsəd istehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə işini təşkil etmək, bu sahədə istehlakçıların biliklərini artırmaqdan ibarət olub.
Tədbiri açan ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzov seminarın məqsəd və məramını iştirakçıları məlumatlandırdıqdan sonra sözü qonaqlara verib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqları və onların qorunması sahəsində ölkəmizdə görülən işlər haqqında geniş məlumat verdi. O, seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilmiş, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sektor müdiri Yusif Hüseynov isə “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda geniş məruzə ilə çıxış edib.
Tədbir çərçivəsində istehlakçı hüquqları ilə bağlı tələbələri düşündürən suallar cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif səpkili maarifləndirici materiallar paylanıldı.