Tibb Universitetində Yunus Emre İnstitutunun tanıtımı olacaq
Türkiyənin Yunus Emre İnstitutunun nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı oldu.
ATU rəhbərliyi ilə görüş zamanı universitetin rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Sabir Əliyev qonaqları salamlayaraq onlara ali məktəb haqqında qısa məlumat verib. ATU-nun ali tibbi təhsil sahəsində Azərbaycanın ilk və yeganə məktəbi olduğunu vurğulayan S.Əliyev bu müəssisədə tələbə və rezidentlər üçün yaradılan şərait, uğurlu tədris prosesi haqqında geniş məlumatı açıqladı. Görüşdə həmçinin universitetin professor-müəllim heyəti, peşəkar həkimləri haqqında da bilgi verildi. Qeyd olundu ki, 6 fakültəsi olan bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır. Hazırda universitetdə 7000-dən çox tələbə və rezident, həmçinin 1000-dən çox xarici ölkə vətəndaşları olan tələbələr təhsil alırlar. Onlar arasında Türkiyədən olan tələblər üstünlük təşkil edir.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova universitetin beynəlxalq əlaqələrindən söz açaraq son illər ərzində dünyanın bir çox aparıcı ali təhsil müəssisələri ilə münasibətlər yaradıldığını bildirdi. Xanım Qabulova ATU ilə Türkiyənin Hacettepe, İstanbul, Ankara və bir çox tanınmış universitetləri ilə əməkdaşlıq sazişi imzalandığını, birgə tədbirlər reallaşdırıldığını söylədi. Həmçinin. ATU-nun iştirak etdiyi beynəlxalq təcrübə və mübdilə proqramları haqqında məlumat səsləndirildi.
Yunus Emre İnstitutunun direktoru İbrahim Yıldırım təkcə Azərbaycanda deyil, hətta regionda da özünü təsdiqləmiş Tibb Universiteti ilə tanışlıqdan çox məmnun olduğunu bildirdi. Qonaq, ATU-dan Türkiyəyə gələn tələbələrin olduqca fəallıq nümayiş etdirdiklərini, lakin onların Türk dilini mükəmməl bilməməsi üzündən bəzi çətinliklər yaşadıqlarını da bildirdi. Buna görə də cənab Yıldırım Azərbaycan Tibb Universitetinin tələbə və rezidentlərinə, həkimlərinə Türk dilinin özəlliklərini öyrətmək niyyətində olduqlarını bəyan etdi.
Müzakirələr zamanı Yunus Emre İnstitutu ilə birlikdə tanıtım xarakterli seminar keçirilməsi haqqında razılıq əldə olundu.
Qeyd edək ki, Yunjus Emre İnstitutunun əsas missiyası Türk dilini, mədəiyyətini tanıtmaq, Türkiyənin digər ölkələrlə dostluğunu genişləndirmək, Türk dili üzrə təhsil almaq istəyənlərə xaricdə də xidmət verməkdən ibarətdir.