Bizi izləyin:
Heydər Əliyev
Tələbənin həyatı vaxtında qoyulan düzgün diaqnoz sayəsində xilas edildi

Tələbənin həyatı vaxtında qoyulan düzgün diaqnoz sayəsində xilas edildi

Azərbaycan Tibb Universitetinin (ATU) Urologiya kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının uroloq cərrahı, professor Rauf Nağıyevin rəhbərliyi ilə ağır politravma almış 18 yaşlı tələbə üzərində həyati vacib təcili cərrahi əməliyyat icra olunaraq onun həyatı xilas edilib.

2007-ci il təvəllüdlü, Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs tələbəsi Əsgər Cabbarov imtahana gedərkən ehtiyatsızlıq nəticəsində yol kənarında aparılan tikinti sahəsinin qazıntı hissəsinə yıxılaraq təxminən 7-8 metr hündürlükdən tikinti üçün qazılmış katlavana düşüb və ağır küt travma alıb.

Hadisədən dərhal sonra pasiyent təcili tibbi yardım vasitəsilə şəhər xəstəxanalarından birinə çatdırılıb. Orada baş-beyin və qarın boşluğunun kompüter tomoqrafiyası aparılsa da, ciddi xəsarət aşkar edilmədiyi bildirilib və pasiyentin evə buraxılması tövsiyə olunub. Lakin vəziyyətindən narahat olan yaxınları pasiyenti ATU Tədris Cərrahiyyə Klinikasına gətiriblər.

Professor Rauf Nağıyev tərəfindən aparılan müayinə zamanı pasiyentin vəziyyətinin son dərəcə ağır olduğu müəyyən edilib və təcili cərrahi müdaxilə qərarı verilib. Təəssüf ki, əməliyyat masasına köçürülərkən pasiyentin arterial təzyiqi kəskin şəkildə enib, huşu itib və klinik ölüm vəziyyəti yaranıb. Reanimasiya şöbəsinin müdiri Məmməd Abasovun operativ müdaxiləsi nəticəsində dərhal reanimasiya tədbirləri həyata keçirilib, pasiyent stabilləşdirilərək təcili olaraq əməliyyata alınıb.

Əməliyyat zamanı böyrəyin tam şəkildə iki hissəyə parçalandığı, böyrək ətrafı toxumalarda və qarın boşluğunda 1-1,5 litr həcmində laxtalanmış qan, retroperitoneal sahədə isə geniş hematomaların mövcud olduğu aşkarlanıb. Pasiyentə təcili nefrektomiya (böyrəyin xaric edilməsi) əməliyyatı icra olunub.

Əməliyyatdan sonra pasiyent bir neçə gün reanimasiya və intensiv terapiya şöbəsində müalicə alıb. Baş-beyin travması ilə əlaqədar ilkin mərhələdə psixoloji durğunluq müşahidə edilsə də, hazırda ümumi vəziyyəti stabildir, halı qənaətbəxşdir və evə buraxılması planlaşdırılır.

Pasiyent Əsgər Cabbarov bildirir ki, hadisə anını tam xatırlamır. Prokurorluq tərəfindən təqdim edilən müşahidə kameralarının görüntülərindən hadisənin necə baş verdiyini sonradan öyrənib. Onun sözlərinə görə, səhər saatlarında imtahana gedərkən yol kənarında yağış səbəbindən yumşalmış torpaq sürüşüb və nəticədə tikinti sahəsinə yıxılıb.

Pasiyent göstərilən yüksək səviyyəli tibbi yardıma görə professor Rauf Nağıyevə və ATU Tədris Cərrahiyyə Klinikasının bütün kollektivinə dərin təşəkkürünü bildirib.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.