Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-Mədəni və İdman Birliyi Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı bəyanat verib. Birlik üzvləri arasında Azərbaycan Tibb Universitetinin tələbələri də var.
Bəyanatda bildirilir:
24 il bundan əvvəl Azərbaycanın dilbər guşəsi Qarabağda - əhalisinin sayı 7000 nəfər olan Xocalı adlı bir şəhərdə misli görünməmiş dəhşətli bir soyqırımı hadisəsi baş verdi. Erməni silahlı birləşmələrinin törətdikləri bu vəhşilik nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca olmaqla, 613 dinc sakin amansızcasına qətlə yetirildi, 1000 nəfər yaralandı, 1275 nəfər əsir və 150 nəfər isə itkin düşdü.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsi idi.
Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş belə dəhşətli soyqırımı aktlarına baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz qiymətini almayıb. İkili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir.
Artıq 24 ildir dünya, o cümlədən İran xalqı Xocalı faciəsini Azərbaycan xalqı ilə birgə yad edir, konfranslar, tədbirlər, sərgilər təşkil etməklə, Azərbaycanla həmdərd olduğunu nümayiş etdirir. Biz, iranlı tələbələrin Elmi-Mədəni və İdman Birliyi olaraq XX əsrdə ən ağır beynəlxalq terror cinayətlərindən biri hesab olunan Xocalı faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ bütün cinayətləri pisləyirik. Əmin olduğumuzu bildirmək istəyirik ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və Xocalı soyqırımını törədən cinayətkarlar öz cəzalarına çatacaqlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!