.jpg)
Azərbaycan Tibb Universitetinin (ATU) Rezidentura və magistratura şöbəsi ilə ATU Tədris Terapevtik Klinikasının Kardiologiya şöbəsinin birgə təşkilatçılığı əsasında rezidentlər üçün “Ürəyin işemik xəstəliyinin gender fərqləri” mövzusunda elmi seminar təşkil olunub.
Tədbirin moderatoru, ATU-nun Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov çıxış edərək Kardiologiya şöbəsinin həm xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərdiyini, həm də universitetdə yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, ürək-damar xəstəlikləri, o cümlədən ürəyin işemik xəstəliyi dünya miqyasında olduğu kimi, Azərbaycanda da geniş yayılıb. Son illərdə isə qadınlar arasında da xəstəliyin tezliyinin artması müşahidə olunur. Bu səbəbdən xəstəliyin profilaktikası, erkən diaqnostikası, müalicəsi və reabilitasiyası müasir təbabətin əsas prioritetlərindən biri kimi qalır.
Sonra klinikanın Kardiologiya şöbəsinin müdiri, professor Sona Qəhrəmanova elmi məruzə ilə çıxış edərək ürəyin işemik xəstəliyinin ümumi xəstələnmə və ölüm hallarının əsas səbəblərindən biri olduğunu, bu patologiyanın həm kişilərə, həm də qadınlara əhəmiyyətli dərəcədə təsir göstərdiyini bildirib. O, sinə ağrısının hər iki cinsdə oxşar klinik təzahürlərə malik olmasına baxmayaraq, qadınlarda əlavə simptomların diaqnostikanı çətinləşdirdiyini və bu səbəbdən diaqnostik yanaşma, müalicə strategiyası və klinik nəticələrin cinslər arasında fərqləndiyini vurğulayıb.
Çıxışda, həmçinin ürək-damar xəstəlikləri üçün ənənəvi risk faktorlarının - diabet, arterial hipertenziya, dislipidemiya, piylənmə, siqaretçəkmə və fiziki hərəkətsizliyin hər iki cinsdə mövcud olduğu, lakin qadınlarda daha geniş yayıldığı və klinik təsirinin daha güclü olduğu bildirilib. Miokard infarktı keçirmiş qadınlarda xroniki obstruktiv ağciyər xəstəliyi, konjestif ürək çatışmazlığı, iltihabi markerlərin yüksəlməsi və psixoloji pozuntulara daha çox rast gəlinməsi qeyd olunub.
S.Qəhrəmanova qadınlarda genetik, hormonal və immunoloji xüsusiyyətlərlə əlaqədar qeyri-ənənəvi risk faktorlarının mövcud olduğunu, autoimmun xəstəliklərin isə endotel zədələnməsi və aterosklerozun inkişafına təsir göstərdiyini vurğulayıb. O, hamiləlik və polikistik yumurtalıq sindromu zamanı hormonal disbalansın - aldosteron, estrogen və androgen səviyyələrinin dəyişməsinin arterial təzyiqin artması, insulin müqaviməti və visseral piylənmə ilə əlaqəli olduğunu, həmçinin mənfi hamiləlik nəticələri olan qadınlarda erkən koronar ürək xəstəliyi riskinin artdığını diqqətə çatdırıb.
Professor qadınlarda sinə ağrısı fonunda daha çox rast gəlinən klinik vəziyyətlər -koronar vazospazm, MINOCA, INOCA, spontan koronar arteriya disseksiyası (SCAD), Takotsubo kardiomiopatiyası, eləcə də mikrovaskulyar və epikardial patologiyalar olduğunu vurğulayıb. O, cinslə əlaqəli fizioloji fərqlərin diaqnostik testlərin nəticələrinə təsir etdiyini, menopoz vəziyyəti və fiziki yüklənmə qabiliyyətinin EKQ və stress testlərinin dəqiqliyinə təsir etdiyini, qadınlarda beyin natriuretik peptid səviyyələrinin daha yüksək, troponin artımının isə nisbətən daha az olduğunu qeyd edib. Qeyri-obstruktiv koronar arteriya xəstəliyi olan qadınlarda isə mikrovaskulyar və endotel disfunksiyası, vazospazm və diaqnostik çətinliklər səbəbindən xəstəliyin daha mürəkkəb klinik gedişə malik olduğu bildirilib.
Sonda isə qadınlarda ürək-damar xəstəlikləri barədə məlumatlılığın artırılması, ictimai maarifləndirmə kampaniyalarının təşkili, sağlam həyat tərzinin təşviqi və profilaktik tədbirlərin gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığı qeyd edilib.
Seminar rezidentlər və həkimlər tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.