

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi Tibb fakültəsinin hərbi həkim hazırlığı üzrə VI kurs kursantları üçün təcrübə dərslərinə start verilib
May ayının sonunadək davam edəcək təcrübələrin əsas məqsədi kursantların nəzəri biliklərinin real tibbi mühitdə tətbiqinin təmin olunmasıdır.
Təcrübə çərçivəsində kursantlar Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və Tədris Terapevtik Klinikada fəaliyyət göstərəcəklər. Onlar tədris proqramı üzrə əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq edəcək, müayinə və müalicə proseslərində birbaşa iştirak edəcəklər.
Bu müddət ərzində kursantlar hərbi qulluqçuların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımın göstərilməsi, diaqnostik prosedurların icrası və müalicə prosesinin təşkili istiqamətində bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.
Təcrübə dərsləri kursantların peşəkar hazırlıq səviyyəsinin artırılması, tibbi qərarvermə bacarıqlarının formalaşdırılması və gələcək xidmət fəaliyyətinə hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu mərhələ hərbi həkim hazırlığı prosesinin vacib tərkib hissəsi olmaqla nəzəri və praktiki biliklərin vəhdətini təmin edir.
