
Əməkdar elm xadimi, professor Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş Azərbaycan Gənc Oftalmoloqlarının XVII konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının III Forumu keçirilib.
Tədbir Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) birgə təşəbbüsü ilə reallaşıb.
Konfransda çıxış edən AOC Gənc Oftalmoloqlar komitəsinin koordinatoru Emin Əlihüseynli komitənin təsis edilməsi, gənclərin komitənin işinə cəlb edilməsi, həmçinin gələcək planlar barədə iştirakçılara məlumat verib.
Azərbaycan Gənc Oftalmoloqlarının Forumu akademik Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun dəstəyi ilə həyata keçirilib.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev, həmçinin kafedranın dosenti Səriyə Quliyeva professor Zəhra Quliyevanın həyatı, zəngin elmi irsindən bəhs ediblər.
Tədbirdə Azərbaycan Tibb Universiteti (ATU) Oftalmologiya kafedrasının və Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin peşəkar həkimləri təmsil olunublar. Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov, dosent Seriye Quliyeva, assistent Nigar Sadigova, baş laborant Gülnar Əliyeva, baş laborant Firuzə Həsənova, rezidentlər Ləman Müzəffərli, Xumar İbrahimova və Valeh Bağırov tədbirdə iştirak ediblər.
Daha sonra Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü Ceyhun Nəzərliyə “Gənc Oftalmoloqların Dostu” fəxri adının kuboku və diplomu təqdim edilib.
Tədbirdə oftalmologiyanın müasir problemləri, innovativ cərrahi və diaqnostik metodlar, süni intellektin göz xəstəliklərinin diaqnostikasında tətbiqi, müxtəlif klinik hallar və digər aktual mövzular məruzə edilib.
Bu il konfrans çərçivəsində ilk dəfə olaraq “Gənc Retina Mütəxəssislərinin Klubu” təşkil olunub.
Builki forumun əsas məqsədi süni intellektin müasir oftalmologiyada tətbiq imkanlarını gənc mütəxəssislərin diqqətinə çatdırmaq, klinik praktikada və elmi tədqiqatlarda bu texnologiyaların rolunu müzakirə etmək, eləcə də gənc oftalmoloqların peşəkar inkişafında innovativ yanaşmaların əhəmiyyətini vurğulamaqdır.