

Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Səbinə Cəfərova Moskva şəhərində keçirilən Rusiya Pediatrlarının XXVII Konqresində - “Pediatriyanın aktual problemləri” mövzusuna həsr olunmuş elmi tədbir çərçivəsində təşkil edilən V Şərqi Avropa, Asiya və Mərkəzi Asiya Pediatrlarının elmi toplantısında iştirak edib.
S.Cəfərova tədbirdə “Azərbaycanda uşaqlar arasında respirator infeksiyaların klinik-epidemioloji xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edərək ölkəmizdə uşaqlar arasında rast gəlinən respirator infeksiyaların yayılma xüsusiyyətləri, klinik gedişi və epidemioloji göstəriciləri barədə ətraflı məlumat təqdim edib.
Konqres çərçivəsində uşaqların sağlamlığı sahəsində müasir elmi yanaşmalar, qabaqcıl klinik təcrübələr və aktual problemlər geniş müzakirə olunub. Tədbir eyni zamanda region ölkələri arasında elmi əməkdaşlığın gücləndirilməsinə, peşəkar əlaqələrin möhkəmləndirilməsinə və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib.
Məhz belə nüfuzlu beynəlxalq elmi tədbirlər pediatriya elminin inkişafına xidmət etməklə yanaşı, regional təcrübənin qlobal elmi müstəvidə paylaşılmasının və inteqrasiyasının əhəmiyyətini bir daha nümayiş etdirir.
