
Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən Hilton Baku Oteldə təşkil olunan “Kardiometabolik və Nadir Xəstəliklər Konqresi” uğurla keçirilib. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 14 DTT (Davamlı Tibbi Təhsil) kredit balı ilə akkreditasiya edilib.
Qeyd edək ki, iki ildən bir yenilənən Cəmiyyət strukturunun yeni heyəti üçün bu konqres ilk genişmiqyaslı elmi tədbir olub. Konqres çərçivəsində kardiometabolik və nadir xəstəliklər sahəsində aktual elmi mövzular, müasir diaqnostik və müalicə yanaşmaları, klinik praktikada tətbiq olunan yeniliklər geniş şəkildə müzakirə edilib.
Tədbirin açılış mərasimində Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, professor Məlahət Sultanova və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova çıxış ediblər. Çıxışlarda ölkəmizdə kardiologiya sahəsində aparılan islahatlar, elmi potensialın gücləndirilməsi və multidissiplinar əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.
İki gün davam edən konqresdə arterial hipertenziya, hiperlipidemiya, kardiorenal sindrom, şəkərli diabet, nadir ürək-damar xəstəlikləri və digər aktual mövzular üzrə panel iclasları və klinik hal sessiyaları təşkil olunub. Eyni zamanda, Cəmiyyətin konqresləri tarixində ilk dəfə olaraq hər günün sonunda “Günün icmalı” təqdim edilib. Bu format çərçivəsində gün ərzində müzakirə olunan əsas məqamlar ümumiləşdirilərək iştirakçılara çatdırılıb, elmi məlumatların sistemləşdirilməsi və yadda saxlanılması baxımından əlavə dəyər yaradılıb. Yerli mütəxəssislərin iştirakı ilə aparılan müzakirələr praktik yanaşmaların təkmilləşdirilməsinə və sübutlara əsaslanan tibbi qərarların təşviqinə xidmət edib.
“Kardiometabolik və Nadir Xəstəliklər Konqresi” ölkəmizdə kardiologiya və əlaqəli ixtisas sahələrində elmi biliklərin artırılması, təcrübə mübadiləsinin genişləndirilməsi və səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.