Fevralın 29 - da Böyük Elmi şuranın növbəti iclası keçirildi. Şuraya sədrlik edən ATU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev gündəliyə keçməzdən öncə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rəhimə Qabulovanı 50, tramatologiya və ortopedik terapiya kafedrasının müdiri, professor Əhməd Əhmədzadəni isə 70 illik yubileyləri münasibətilə təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı.
Sonra ATU-nun tədris hissə müdiri, dosent Nəsimi Qasımov “2015- 2016-cı tədris ilinin payız semestrinin imtahan sesiyasının yekunları və yaz semestrində tədris prosesinin daha da yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri ” mövzusunda geniş məruzə ilə çıxış etdi.
Məruzə ətrafında çıxış edən professorlar Çərkəz Cəfərov, Mirzə Kazımov, Musa Qəniyev, Qayıbverdi İsgəndərov, Akif Qurbanov, Çingiz Rəhimov, Abuzər Qazıyev klassik imtahanla mövcud kredit sisteminin fərqli cəhətlərindən söhbət açdılar, qarşıya çıxan problemlərdən danışdılar. Onlar çalışdıqları kafedralarda bu istiqamətdə aparılan işlərin kəmiyyət və keyfiyyət göstəriciləri haqqında ümumi məlumat verdilər. Natiqlər test imtahanlarının bu sistemin daha da təkmilləşdirilməsi məqsədilə çatışmazlıqların aradan qaldırılması və əlverişli şəraitin yaradılması üçün təklif və rəylərini irəli sürdülər.
Müzakirələrə yekun vuran professor S. Əliyev çıxışlarda səslənən fikirlərə və irəli sürülən təkliflərə öz münasibətini bildirdi: ”Elə etmək lazımdır ki, tələbə testi öyrənmək məcburiyyətində qalsın. Suallar normativ standartlara uyğun tərtib edilməli, cavablar isə düşündürücü qoymalıdır.
Mən hesab edirəm ki, əgər testlərin sayını bir az da artırıb sualları mürəkkəbləşdirsək istənilən nəticəni əldə etmək olar. Kafedralarda cavabdeh şəxs kafedranın müdiridi. Onu ora təyin ediblər ki, dərsin keyfiyyətini yüksəltsin, müəllim və tələbələrin dərsə dəvamiyyətinə nəzarət etsin. Çox təəssüf ki, aramızda elələri vardır ki, işlərinə məsuliyyətiz yanaşır, üzərinə düşən vəzifənin öhtəsindən layiqincə gəlmirlər. Lakin işini bacaran kifayət qədər kafedra müdirlərimiz də var. Bir il tələbə sizin əlinizdədir öyrədin də, bir semestrin mövzusunu bir neçə günə öyrətmək mümkün deyil. İşinizi əsasnaməyə uyğun qurun ki, sonra belə neqativ hallar baş verməsin. Kəmiyyət və keyfiyyətin qiymətlədirilməsinə çox ciddi yanaşılmalı, dərsə dəvamiyyətə nəzarət gücləndirilməlidir.” İmtahan prosesinin ümumimilikdə ağır bir iş olduğunu diqqətə çatdıran S. Əliyev virtuaz test mərkəzinin bu sahədəki rolunu qeyd etdi və məruzəni qənaətbəxş qiymətləndirdi.
Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.